RU

Ekoloji turizm üzrə menecer: Yerli klublar təlim məşq toplanışları üçün əsasən xarici ölkələrə üz tuturlar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qax, 16 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Qax rayonunun relyef və iqlimi burada turizmlə yanaşı, ilin bütün fəsillərində idmançıların da təlim-məşq keçməsinə geniş imkanlar yaradır.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonda son illər müasir istirahət mərkəzlərinin təşkili istiqamətində işlər davam etdirilir. Ölkə rəhbərliyinin idmana olan xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bölgələrdə müasir standartlara cavab verən idman infrastrukturunun qurulması prioritet vəzifəyə çevrilib. Bu siyasətin tərkib hissəsi kimi, Qax rayonunda da yeni Olimpiya İdman Kompleksi və ixtisaslaşmış idman zalları açılaraq, gənc nəslin və peşəkar idmançıların ixtiyarına verilib. Dövlət tərəfindən həyata keçirilən bu layihələr regionun həm idman şöhrətini bərpa edir, həm də daxili turizmin şaxələndirilməsinə mühüm töhfə verir.

Qax rayonu əvvəllər ölkəmizin idman bazası kimi tanınırdı və əksər idman klubları burada təlim-məşq toplanışları keçərdi. Bəs, hazırda rayonun turizm potensialına təkan verə biləcək idman və təlim-məşq bazalarının vəziyyəti necədir?

Paytaxtdan 400 kilometr məsafədə yerləşən Qax rayonu ölkəmizin ən cəlbedici turizm məkanlarından biri hesab olunur. Hələ ötən əsrin 70-ci illərindən etibarən rayonda turizm infrastrukturunun qurulması istiqamətində mühüm layihələr icra edilib. Bu çərçivədə mineral su mənbələrinin yaxınlığında sağlamlıq-müalicə pansionatları yaradılmaqla yanaşı, müasir stadionlar və təlim-məşq bazaları da istifadəyə verilib.

Ekoloji turizm üzrə menecer Nicat Ziyadlı bildirir ki, son illər ölkəmizdə idman sahəsində böyük nailiyyətlər əldə olunsa da, yerli klublar təlim-məşq toplanışları üçün hələ də əsasən xarici ölkələrə üz tuturlar: “Qax tarixən rekreasiya-turizm ehtiyatları ilə zəngin bir rayondur. Bu potensial həm yerli, həm də xarici turistlərin cəlb olunmasında mühüm rol oynayır. Rayonda həm təbii şərait, həm də müasir infrastruktur baxımından böyük işlər görülüb, yeni otellər və idman kompleksləri tikilib. Bu komplekslərdə istirahətlə yanaşı, peşəkar idmanla məşğul olmaq üçün də hər cür şərait mövcuddur. İdmançılarımız xarici ölkələrdə deyil, Qax kimi rayonlarda toplanış keçsələr, həm valyuta ölkə daxilində qalar, həm də bölgələrimizdə turizm canlanar”.

Təkcə son iki ildə rayonda cüdo və ağırlıqqaldırma zalları istifadəyə verilərək ən müasir avadanlıqlarla təmin olunub, kəndlərdə isə güləş bölmələri fəaliyyətə başlayıb. Hər cür infrastruktura malik Qax Olimpiya İdman Kompleksi bölgənin ən iri və müasir idman mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir.

Qadın futbolu üzrə UEFA-nın "B" kateqoriyalı məşqçisi, Əməkdar məşqçi Dilarə Əhmədova ilə rayondakı bir neçə stadiona baş çəkirik. Məşqçi bildirir ki, hazırda Qax şəhərində, ümumilikdə, 11 stadion fəaliyyət göstərir. Uşaq-Gənclər Şahmat Mərkəzinin təlim-məşq bazasının 6 hektar ərazini əhatə etdiyini deyən Əməkdar məşqçi qeyd edir ki, mərkəzdə artıq ilkin layihələndirmə işləri aparılıb, ərazi hasarlanıb və gələcəkdə tam təmir olunması nəzərdə tutulur.

“Bura vaxtı ilə çaylaq idi. İdman məktəbinin kollektivi ilə bir araya gəlib daşları təmizlədik, səliqə-sahman yaradaraq buranı gözəl stadiona çevirdik. Bununla yanaşı, yaxınlıqda daha dörd stadion var. Ümumiyyətlə, Qaxda hazırda 11 stadion mövcuddur. Hesab edirəm ki, klub və federasiyaların məşq keçməsi üçün burada lazımi şərait var. Eyni zamanda, daha müasir təlim-məşq bazaları da qurmaq olar. Hətta bizim məktəbin keçmiş bazası əsasında mükəmməl bir akademiya təşkil etmək mümkündür”, – deyən Əməkdar məşqçi bu ideyaların yaxın illərdə reallığa çevriləcəyinə inanır.

Qeyd olunduğu kimi, rayonun turizm infrastrukturu, eləcə də yeni yaradılan istirahət mərkəzləri idmanın müxtəlif növləri üzrə təlim-məşq toplanışları keçirmək üçün lazımi şəraitə malikdir. Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərindən birinin meneceri Şıxmirzə Həsənov burada yaradılan imkanlardan bəhs edərkən bildirib ki, yerli və xarici idmançıların həm istirahəti, həm də məşqi üçün hər bir məqam düşünülüb: “Mərkəzimizdə tennis, mini-futbol və basketbol üçün meydançalarımız, həmçinin qapalı hovuz, trenajor zalı, stolüstü tennis və bilyard salonu fəaliyyət göstərir. Əvvəlki illərdə bir neçə idman klubunu yüksək səviyyədə qəbul etmişik və onlar buradakı şəraitdən məmnun qalıblar”.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən bildirilib ki, Qaxda və bölgənin digər rayonlarında yerli klubların və federasiyaların təşkilatçılığı ilə mütəmadi yarışlar keçirilir. Buna nümunə kimi, ötən ilin payızında ölkəmizdə yüksək səviyyədə təşkil olunan II MDB Oyunlarını göstərmək olar. Bu beynəlxalq idman tədbiri çərçivəsində Şəki və Qəbələnin idman arenalarında müxtəlif növlər üzrə yarışlar keçirilib. Turnirə qatılan xarici məşqçilər və idmançılar həm arenaların hazırlıq səviyyəsindən, həm də qonaqpərvərlikdən razılıqlarını ifadə ediblər.

Gələcəkdə də idman klublarının və federasiyaların bölgələrdəki təlim-məşq toplanışlarına daha fəal cəlb olunması, eləcə də yeni yarışların təşkili istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
113
azertag.az

1Источники