ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Yaponiya Baş naziri Senae Takaiçi, Şimali Koreya rəhbəri Kim Çen Inlə şəxsi danışıqlar aparmağa hazır olduğunu bir daha bəyan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılmış yapon vətəndaşlarının ailə üzvləri ilə görüşdə məlumat verib.
"Qaçırılanların problemi - mənim missiyamdır", – deyə o, Yaponiya ictimai televiziya kanalına müsahibəsində bildirib. Takaiçi əlavə edib ki, "Kim Çen Inlə şəxsən görüşməyə hazıram" və beləliklə, "Yaponiya və Şimali Koreya birgə bir gələcək qura bilərlər ki, bu da sülh və rifah gətirəcək". Baş nazir həmçinin bu məsələdə konkret nəticələr əldə etmək üçün bütün mövcud vasitələrdən istifadə etdiyini vurğulayıb.
Senae Takaiçi şəxsi danışıqlara hazır olduğunu sonuncu dəfə keçən ilin sonunda, baş nazir vəzifəsinə seçildikdən sonra bəyan etmişdi. O zaman, Pxenyana Yaponiyanın mövqeyi barədə dərhal məlumat verildiyi də bildirilmişdi.
Qaçırılan vətəndaşlar mövzusu, diplomatik əlaqələri olmayan iki dövlətin münasibətlərində ən ağrılı məsələlərdən biridir. 2002-ci ildə, Pxenyan ilk dəfə olaraq 13 yapon vətəndaşının qaçırıldığını etiraf edib və onlardan 5-nin Yaponiyaya qayıtmasına icazə verib. Qalanların isə öldüyü bildirilib, onların ailələrinə göndərilən cəsədlərin isə doğruluğu təsdiqlənməyib. 2014-cü ilin may ayında hər iki ölkənin hökumətləri, yapon vətəndaşlarının qaçırılması məsələsi ilə bağlı yeni bir araşdırma aparmağa razılaşıb, amma bu işlə məşğul olan komissiya daha sonra Pxenyan tərəfindən ləğv edilib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yeo Çjon keçən ilin mart ayında bildirib ki, Pxenyan Tokio ilə danışıqlardan imtina edir. O, əlavə edib ki, ölkəsi, Yaponiyanın qaçırılan vətəndaşlar məsələsi ilə bağlı mövqeyinə görə, o zaman Yaponiyanın baş naziri olmuş Fumio Kişidanın Kim Çen Inla görüşməsini istəmir. Kim Yeo Çjon, Yaponiya hökumətinin Şimali Koreyanın suverenliyini "nüvə və raket məsələləri" ilə şübhə altına almağa çalışdığını vurğulayıb. O, həmçinin, Yaponiyanın qaçırılan vətəndaşlar məsələsinin artıq həll olunduğunu qəbul etmədiyini bildirib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.