RU

Xocalıda daha 30 ailəyə evlərinin açarları təqdim edilib - YENİLƏNİB

Fevralın 16-da Xocalı şəhərinə növbəti qayıdış olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu gün 149 nəfərdən ibarət 30 ailə doğma yurduna dönüb.

12 ailə, yəni 55 nəfər çoxmənzilli yaşayış binasındakı mənzillərlə, 94 nəfərdən ibarət 18 ailə isə yeni bərpa edilmiş fərdi yaşayış evləri ilə təmin edilib.

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. 

Onun sözlərinə görə, şəhərdə müasir kommunikasiya infrastrukturu qurulub, yaşayış binaları və fərdi evlər yüksək standartlara uyğun inşa olunub, sosial obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, məskunlaşma prosesi, “Böyük Qayıdış” proqramına uyğun şəkildə mərhələli qaydada icra olunur.

Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə zəruri sosial, nəqliyyat və kommunikasiya infrastrukturu formalaşdırılır.

Xatırladaq ki, indiyədək Xocalı şəhərinə və Xocalının 7 kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi planlı şəkildə davam etdirilir.

12:44

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailənin (149 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bu köç daxil olmaqla Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb.

Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

"Cebheinfo.az"

Избранный
34
7
cebheinfo.az

8Источники