RU

Hər yerdə insan üzü görürsünüz? – Bunları edin...

“Bəzən insanlar buludlarda, divar naxışlarında, elektrik naqilində və hətta qəhvə ləkəsində belə insan üzü gördüklərini iddia edirlər”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən bəhs edib:
“Bu hal psixologiyada “pareydoliya” adlanır. Yəni beyin təsadüfi və mənasız formaları tanış obrazlara, xüsusilə də insan üzünə bənzədir. Lakin pareydoliya hər zaman xəstəlik sayılmır. Bu, insan beyninin təbii xüsusiyyətlərindən biridir. Sadəcə olaraq beynimiz təhlükəni tez tanımaq və sosial əlaqələri qorumaq üçün üzləri çox sürətli şəkildə seçə biləcək formada inkişaf edib”.

Ancaq ekspert qeyd edib ki, bu halın həddindən artıq olması problemdir:
“Yəni insan real olmayan obrazları tez-tez görür, bundan narahat olur və gündəlik həyatına təsir edirsə, artıq bu, onun psixoloji vəziyyətilə bağlı ola bilər. Yüksək stress, gərginlik, uzunmüddətli yorğunluq, yuxusuzluq, narahatlıq pozuntuları, travmatik təcrübələr, bəzi nevroloji və ya psixi xəstəliklər belə halları gücləndirə bilər. Unutmayın ki, beyin təhlükəni qaçırmamaq üçün “artıq ehtiyatlı” rejimə keçəndə, təsadüfi formaları da mənalandırmağa başlaya bilir”.

Psixoloq bu vəziyyətdən çıxış yolları barədə də danışıb:
“Əgər belə hallar yalnız arada baş verir, və sizi narahat etmirsə, onda hansısa problem yoxdur. Çünki bu, yaradıcılıq və güclü təsəvvür qabiliyyəti ilə də əlaqəli ola bilir. Lakin bu hallar tez-tez baş verir və sizi narahat edirsə onda bəzi addımlar atmaq lazımdır. 
İlk olaraq yuxu rejimini normallaşdırmaq, stressi azaltmaq, meditasiya və nəfəs məşqləri edə bilərsiniz. Bundan əlavə, gün ərzində ekran qarşısında keçirilən vaxtı azaltmaq və fiziki aktivliyi artırmaq da lazımdır. Bunlar effekt verməyəcəyi təqdirdə, psixoloq və ya psixiatrla məsləhətləşmək faydalı ola bilər”.

Ülviyyə Ağazadə sözlərini belə yekunlaşdırıb:
“Unutmayın ki, pareydoliya əksər hallarda təhlükəli deyil. Bu, sadəcə olaraq beynin mənanı tapmaq və dünyanı anlamaq üçün qurduğu mexanizmlərdən biridir. Lakin bu hal həyat keyfiyyətinə təsir edirsə, o zaman mütəxəssis dəstəyi almaq ən doğru addım olar”.

Pərviz


 

Избранный
27
hit.az

1Источники