"Kortizol gecə saat üçdə oyanmaya səbəb olur".
Ölkə.az "Daily Mirror" nəşrinə istinadla xəbər verir ki, bu barədə ümumi praktika həkim Amir Khan gecə saat üçdə qəfil oyanmaların səbəbini açıqlayarkən deyib.
Xan qeyd edib ki, gecə oyanmaları hər kəsdə baş verə bilər və adətən eyni vaxtda təxminən gecə saat üç radələrində olur. Həkimin fikrincə, bu qəribə hadisənin məntiqi izahı var.
“Gecə saat iki ilə dörd arasında orqanizm çox spesifik bir fazada olur. Bu vaxt kortizol, yəni stress hormonu səviyyəsi yüksəlməyə başlayır ki, bədəni oyanışa hazırlasın”, - deyə o izah edib.
O vurğulayıb ki, bu tamamilə normal prosesdir. Lakin sinir sistemi stress, narahatlıq və ya tükənmə səbəbindən gərgindirsə, orqanizm hormonal dəyişikliklərə qarşı daha həssas olur və kortizolun artımına oyanma ilə reaksiya verir. Həkimin sözlərinə görə, qanda şəkərin səviyyəsinin azalması da eyni təsiri yaradır.
Həmidə İbrahimova