RU

Heydərovun yaxın adamları niyə vuruldu ? Bu məşhur generallar haqda ŞOK İDDİA

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, fövqəladə hallar nazirinin müavinləri – general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin vəzifədən azad edildikləri bildirilir. Hər üç kadr FHN sistemində uzun illərdir çalışıb. Lakin onların işdən çıxarılmasının səbəbi barədə rəsmi açıqlama yoxdur.

Bundan əvvəl isə bir neçə icra başçısının müavinləri vəzifədən azad olunublar.

Kütləvi şəkildə müavinlərin işdən çıxarılmasına səbəb nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfərindən sonra ölkədə müəyyən kadr dəyişikliklərinin olacağı gözlənilən idi:

“Hazırkı şəraitdə həm Azərbaycanda, həm də Ermənistanda Rusiyaya bağlı qüvvələrə qarşı tədbirlərin görülməsi zəruri hesab olunur. Əks halda, bu qüvvələrin mümkün təxribat cəhdləri regionda sabitliyə mənfi təsir göstərə bilər. Artıq bunun ilkin əlamətləri müşahidə olunur. İndiyədək iqtidar partiyasının nümayəndəsi Ramiz Mehdiyev barədə konkret qərarın verilməməsi də müzakirə mövzusudur. Eyni zamanda, Prezidentin siyasi kursundan kənar bəyanatların səsləndirilməsi müəyyən dairələrin İlham Əliyevin apardığı siyasətə alternativ mövqe nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər”.

Heydər Oğuz

Siyasi şərhçi bildirib ki, Azərbaycanın xarici siyasət prioritetlərini yenidən müəyyənləşdirdiyi bir mərhələdə bundan sonra da dövlət idarəçiliyində bu kursa uyğunlaşmayan şəxslərlə bağlı qərarların qəbul ediləcəyi gözlənilir:

“Bu qüvvələr əsasən nazirliklərdə və icra hakimiyyəti strukturlarında təmsil olunur. Bu baxımdan, müvafiq strukturlarda islahat və kadr dəyişikliklərinin aparılması mümkün variant kimi dəyərləndirilir. Oxşar proseslər Ermənistanda da baş verir. Artıq bu ölkədə kilsə ətrafında müzakirələr və qarşıdurmaların artması diqqət çəkir. Ümumilikdə, hər iki ölkədə daxili sabitliyin qorunması və aparılan danışıqların, eləcə də sülh təşəbbüslərinin zərər görməməsi üçün idarəetmədə ardıcıl və sistemli addımların atılması vacib sayılır. Əks halda, daxili ziddiyyətlərin dərinləşməsi iki ölkə arasında münasibətlərə və sülh prosesinə mənfi təsir göstərə bilər”.

“Globalinfo”nun şərhi: Xatırladaq ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev də uzun illər fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışıb. R.Mehdiyevlə bağlı həbs qərarı verildikdən sonra da T.Mehdiyev xeyli müddət vəzifədə qaldı. O, 1 dekabr 2025-ci ildə Prezidentin Sərəncamı ilə vəzifədən azad edildi.

Bundan ay yarım sonra fövqəladə hallar nazirinin 3 müavininin eyni gündə vəzifədən azad edilməsi diqqət çəkir. Bu, 2019-cu ildə hakimiyyətdə yüksək vəzifə tutan və Rusiyaya bağlı olduğu deyilən xeyli məmurun ard-arda vəzifədən uzaqlaşdırılmalarını xatırladır. Ramiz Mehdiyev başda olmaqla həmin dövrdə dövlət aparatında yüksək vəzifələrdə təmsil olunan bir neçə şəxs işdən çıxarıldı. Bundan bir neçə ay sonra Vətən müharibəsi başladı və Azərbaycan işğaldakı torpaqları azad etdi. Əksər ekspertlər bildirir ki, Moskvaya bağlılığı şübhə doğurmayan məmurların işdən uzaqlaşdırılması ilə Qarabağın azad edilməsi arasında birbaşa əlaqə olub. İddialara görə, Ramiz Mehdiyevin siyasi hakimiyyətdə, sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun hərbi komandada söz sahibi kimi qalmaları müharibədə Azərbaycanın qələbəsini xeyli çətinləşdirə bilərdi. İndi də Azərbaycanın olduqca mühüm mərhələyə qədəm qoyduğu görünür. Yəqin, yeni mərhələ üçün artıq hazırlıqlar başlayıb. Bu cür kadr dəyişikliklərinin davamlı olacağı istisna edilmir.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
globalinfo.az

1Источники