RU

İqor Tyaqo – Premyer Liqada yanvarın ən yaxşısı! – ARENA.AZ

“Brentford”un braziliyalı mərkəz hücumçusu İqor Tyaqo İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

24 yaşlı braziliyalı futbolçu yanvar ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 2 oyunda 5 qol vurub. O, “Everton”la matçda het-trikə, “Sanderlend”lə görüşdə isə dubla imza atıb.

Tyaqo mükafat uğrunda mübarizədə Yassin Ayari (“Brayton”), Patrik Dorqu (“Mançester Yunayted”), Entso Fernandes (“Çelsi”), Junior Krupi (“Bornmut”), Krisensio Sammervill (“Vest Hem”), Harri Uilson (“Fulhem”) və Florian Virts (“Liverpul”) kimi futbolçuları qabaqlayıb.

Braziliyalı futbolçu karyerasında ikinci dəfə bu mükafata layiq görülüb. O, noyabrda da oxşar uğura imza atmışdı.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin bu ada layiq görülmüşdü.

İqor Tyaqo “Brentford”a 2024-cü ilin yayında Belçkanın “Brügge” klubundan 33 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2031-cu ilin 30 iyununadək müqaviləsi var. Braziliyalı futbolçu “Brentford”un heyətində meydana çıxdığı 35 oyunda 18 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tyaqo daha öncə “Kruzeyro”, “Brügge”, “Ludoqorets” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
22
8
arena.az

10Источники