RU

Vernidub: “Qarabağ”a çətin dönəmdə dəstək olmağa qərar verdik” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bir neçə həftə öncə “Forza Neftçi”nin doğum günü idi. Həmin vaxtı xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də fanatlardan üzr istəyirəm. Onlar daim bizə dəstək verirlər və biz də belə nəticələr əldə edirik.

Bassala Sambu və Vensan Abubakara yaxşı hücumçulardır. Fərqli planlarda oynayırlar. Məşqçi kimi mənə seçim etmək çətindir. Amma həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onların qol vurması mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Öz üzərilərində daha çox işləyib, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar.

Bu oyundan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik.
Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq.

Qapıçıları nəzərə almasaq, komandamızda 23 futbolçu var. Onların hər biri məşqlərdə çox yaxşı təsir bağışlayırlar. Təbii ki, hamısı eyni anda meydana çıxa bilməz. Onlar oynamağa layiqdirlər. Buna görə şərait yaradıram ki, oyunlarda oynasınlar. Əgər oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördünüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr oldu. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Ona görə də hər zaman heyəti qarışdırırıq ki, hamı bir-birini əvəz edə bilsin. Bizim komandada ulduz yoxdur, bizdə ailə və komanda var. Komandada ulduz olanda onları idarə etmək də çətindir. Bizim yanaşma fəlsəfəmiz budur”.

“Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram” – Vernidub

Vernidub “Qarabağ”la matçın təxirə salınmasına da toxunub:

“Qarabağ”la oyunun təxirə salınmasına dair söhbətləri yekunlaşdırmaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə “Qarabağ”a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edirlər. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir.

Azarkeşsiz futbol olmur. Yaxşı münasibətlərimiz davam edir. Onlardan istəyərdim ki, daim yanımızda olsunlar. Həm belə xoş günlərimizdə, həm də o qədər də xoş olmayan durumumuzda da. Bu, həm “Neftçi”yə, həm də azarkeşlərimizə lazımdır. Mən bizim azarkeşlərilə fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
33
13
arena.az

10Источники