
ABŞ-ın keçmiş prezidenti Barak Obama qonaq olduğu bir podkast yayımında yadplanetlilərin real olub-olmaması ilə bağlı sualı cavablandırıb. Obama "Yadplanetlilər (onlara aid obyektlər) realdır, amma mən onları görməmişəm", - deyə bildirib.
ABŞ-ın sabiq rəhbəri Barak Obama Brayan Tayler Kohenin podkastında iştirak edərək sualları cavablandırıb. Kohenin "Bir ABŞ prezidenti ilə danışmaq imkanım hər zaman olmur, ona görə də bir neçə sualım var: Yadplanetlilər realdır?" sualına Obamanın verdiyi cavab dünya gündəminə damğa vurub.
Obama "Onlar realdır, lakin mən onları görməmişəm və heç bir yerdə də saxlanılmırlar", - deyə cavab verib. O, Nevada ştatında yerləşən və məxfi hərbi araşdırmaların aparıldığı "51-ci Zona" kimi tanınan hərbi bazaya işarə edərək, orada hər hansı bir yeraltı obyektin və ya yadplanetli qalıqlarının mövcud olmadığını bildirib.
Keçmiş prezident qeyd edib ki, əgər belə bir nəhəng sui-qəsd nəzəriyyəsi olsaydı və bu, ABŞ prezidentindən gizlədilmiş olsaydı, bu, yalnız fantastik filmlərin mövzusu ola bilərdi.