RU

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

Fevralın

13-14-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın

vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa

keçirilib. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust

2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən

irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçiriblər. Ayrı-ayrı

sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün

yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai

baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və

etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olub.

İnklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Ayrı

bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə,

ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə

mexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və

cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin

hazırlanmasına xüsusi diqqət yetirilib. Regional təhlükəsizlik, sərhədlər və

bağlantılarla bağlı hər iki tərəfin baxışları və gözləntiləri təqdim edilib. Rəsmi

sessiyalarla yanaşı təşkil olunan qeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası

əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verib.

İkinci

gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin

qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə

ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin

yolları müzakirə olunub.

Proqram

çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik

Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan

Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində

vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə

tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Xatırladaq

ki, ötən il 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti

nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Daha sonra Ermənistanın

vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr

tarixində Azərbaycan paytaxtına səfər ediblər.

Vətəndaş

cəmiyyəti nümayəndələri arasında görüşlərin intensiv xarakter alması Azərbaycan

və Ermənistan arasında “xalq diplomatiyası”nın rolunun artdığını göstərir. Bu

cür təmaslar rəsmi sülh müqaviləsi imzalanmazdan əvvəl hər iki cəmiyyətdə barış

mühiti yaratmaq və qarşılıqlı nifrət dilini azaltmaq üçün əhəmiyyətlidir. Qeyd

edək ki, budəfəki görüşdə “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə

yanaşı, hər iki tərəfdən daha geniş iştirakçı qrupları da təmsil olunub.

Diqqətçəkən

məqamlardan biri odur ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları

tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi

yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə

ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi

istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli

şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib. Azərbaycan

nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıdıb, bu

da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olub.

 

İsmayıl

QOCAYEV,

“Azərbaycan”

Избранный
20
azerbaijan-news.az

1Источники