RU

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər Şikayətlər artır

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Müasir gəncliyin ən böyük hədəflərindən biri də xaricdə təhsil almaqdır. Onlar bu istiqamətdə məsləhət üçün daha çox xaricdə təhsil şirkətlərinə üz tuturlar. Ancaq adekvatlıq hər zaman ürəkaçan olmur. Bu sahədə fəaliyyət göstərən bəzi şirkətlər gəncləri ya yarı yolda qoyur, ya da yanlış səmtə istiqamətləndirirlər. Bütün bunlar günümüzün reallıqlarıdır və bazarda belələrinin sayı sürətlə çoxalır. Nəticədə isə gənclərin inkişaf etmək istəkləri əllərindən alınır. Məntiqlə yanaşdıqda bu cür hallar ən ağır dövlət cinayəti hesab edilməlidir. Ona görə ki, belə “işbazlar” bu cür əməlləri ilə Azərbaycanın sabahını çiyinlərində daşıyacaq gənclərimizə mane olurlar.

Müqavilələr və yerinə yetirilməyən öhdəliklər

Hətta xaricdə təhsil almaq xidmətinə görə vətəndaşdan ödəniş alındıqdan sonra bəzən konkret nəticə təqdim olunmur. Məhz bu mərhələdən sonra şirkətlərin əsl davranışı üzə çıxır. İşin başlanğıcında mülayim və inandırıcı danışan şəxslər şikayətlər artdıqda və ödənişlər geri tələb edildiyi zaman hədə-qorxu, təzyiq və müxtəlif bəhanələrə əl ataraq şikayətçiləri prosesdən uzaqlaşdırmağa çalışırlar.

Bu istiqamətdə araşdırma apararkən media və digər internet resurslarında “Max Group”, “AID Group”, “Xaricdə Təhsil Mərkəzi”, “Brain Academy”, “Elite Academy” və “Smart Business Group” kimi qurumlar barədə geniş məlumatlarla qarşılaşırıq. Bunlardan biri də Pilgrim Education MMC-dir.

Modern.az-ın əldə etdiyi məlumatlar

Modern.az müxtəlif internet resurslarından xoşagəlməz məlumatlar əldə edib. Məlum olub ki, mənimsənildiyi iddia edilən vəsaitlərin həcmi də az deyil. Şikayətçilərin paylaşımlarına görə, tərəflər arasında rəsmi müqavilə bağlanır və ödənişlər həmin müqavilə əsasında həyata keçirilir. Buna baxmayaraq, şirkət müqavilə əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Daha sonra isə məsuliyyətdən yayınmaq, mövcud vəziyyəti uzatmaq və vaxt qazanmaq məqsədilə müxtəlif manipulyativ üsullara əl atılır. Şikayətlər arasında Pilgrim Education MMC-nin icraçı direktoru Aisa Aslanova və menecer Leyla Mustafayevanın adı davamlı olaraq hallanır.

Gəncə filialı və təqdimat mərasimi

Qeyd edək ki, 2023-cü ildə bu şirkətin Gəncədə də filialı açılıb. Təqdimatda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Məclisin deputatı Müşfiq Cəfərov, deputat köməkçisi Göyüş Şəfizadə, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev, eləcə də bir sıra ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Şirkət sayısız şikayətlərə baxmayaraq, bu gün də PR fəaliyyətlərini davam etdirir. Müxtəlif media qurumları vasitəsilə “uğurlarını” paylaşaraq daha çox insanı cəlb etməyə çalışır. Şirkət 2023-cü ildə göstərdiyi nəticələrə görə “Gənclərin Dostu” milli mükafatına da layiq görülüb.

Şikayətçi Əli Qarayevin iddiaları

Şikayətçi Əli Qarayev son 11 ay ərzində Pilgrim Education MMC ilə yaşadıqlarını bölüşüb: “Müqaviləyə əsasən işlərin müəyyən müddətdə görüləcəyi vəd olunmuşdu, lakin bu öhdəliklər yerinə yetirilmədi. Bu müddətdə bütün vaxtımı bu məsələyə sərf etsəm də, ortada heç bir real nəticə olmadı. Ödəniş qarşılığında nəzərdə tutulmuş xidmət tam təqdim edilmədi. Verilmiş sözlərə baxmayaraq, pulun geri qaytarılması təmin edilmədi və kommunikasiya zəiflədikcə proses uzandı. Şirkətin rəhbəri Aisa Aslanova Nəbi qızı və əməkdaşı Leyla Mustafayeva Rauf qızı ilə yazışmalar aparmışam. Bu sözlərim şəxsi müşahidələr və faktlara əsaslanır, ittiham xarakteri daşımır.”

Firuzə Hacıyevanın açıqlaması

Digər şikayətçi Firuzə Hacıyeva isə aldadıldığını bildirib. Onun sözlərinə görə, universitet və təqaüdlərə vaxtında müraciət ediləcəyi, işin şəffaf aparılacağı və hər addımda məlumat veriləcəyi vəd olunub. Lakin sonradan məlum olub ki, bəzi proqramlara ümumiyyətlə müraciət edilməyib. Hacıyeva qeyd edir ki, bir neçə beynəlxalq proqram üzrə müraciətlər ya gecikdirilib, ya da düzgün icra edilməyib, nəticədə həm təqaüdlər, həm də qəbul imkanları itirilib.

Şirkətin mövqeyi

Pilgrim Education MMC şikayətlərə cavab olaraq bildirib ki, iddialar subyektiv və birtərəflidir. Qurumdan vurğulanıb ki, müvafiq dövlət qurumlarına edilən müraciətlər araşdırılıb və hüquqi pozuntu aşkar edilməyib. Şirkət hər hansı saxtakarlıq və ya rəsmi qurumları aldatma faktının olmadığını qeyd edib. Eyni zamanda bildirilib ki, təqaüd və qəbul prosesində son qərar universitetlər və proqram təşkilatçıları tərəfindən verilir və nəticələr tələbələrin akademik göstəricilərindən asılıdır.

Media ilə gərgin dialoq

Mövzu ilə bağlı Pilgrim Education MMC ilə əlaqə saxladıq. Mərkəzin mətbuat xidmətində çalışan, soyadını açıqlamayan və özünü Elman bəy kimi təqdim edən şəxs kobud reaksiya verdi. O, məsuliyyəti medianın üzərinə qoyaraq, “İstədiyinizi yaza bilərsiniz, məhkəmədə görüşəcəyik” ifadəsini işlətdi. Daha sonra WhatsApp vasitəsilə əlavə mesaj göndərildi. Mesajda təhsil eksperti Kamran Əsədovun adı çəkilirdi. Qeyd edək ki, Kamran Əsədov imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunaraq həbs edilib.

Deputatın açıqlaması

Məsələ ilə bağlı deputat Müşfiq Cəfərovla da əlaqə saxladıq. O bildirib ki, 2023-cü ildə şirkətin Gəncə filialının açılışında rəsmi dəvət əsasında iştirak edib və şirkətlə başqa əlaqəsi olmayıb.

Deputat qeyd edib ki, şikayətçilər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Pilgrim Education MMC ilə bağlı uzun müddətdir çoxsaylı şikayətlər yayılır. Bəzi hallarda müştəri məmnuniyyətsizliyi normal sayılsa da, şikayətlərin davamlı xarakter alması artıq təsadüfi görünmür.

Media olaraq tərəflərin mövqeyini balanslı şəkildə təqdim etdik. Qalan məsələlərin hüquqi qiymətləndirilməsi isə aidiyyəti qurumların səlahiyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
2
modern.az

3Источники