RU

Deputat: "İlham Əliyevin bu mesajları birlikdə bütöv siyasi mənzərə yaradır"

"Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq "France 24" telekanalına verdiyi müsahibə məzmun baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu müsahibədə Cənubi Qafqazda formalaşan yeni reallıq və Azərbaycanın regional sabitliyin qurulmasında oynadığı rol aydın şəkildə üzə çıxır".

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisinin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, əsas nəticə artıq göz qabağındadır: hərbi qarşıdurma mərhələsi geridə qalıb, sülh isə abstrakt anlayış olmaqdan çıxaraq real vəziyyətə çevrilib: "Sərhəddə silahlı insidentlərin olmaması, sabitliyin təmin edilməsi, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana neft məhsullarının tədarükünə başlanması — bütün bunlar normallaşmanın praktik elementləridir. Burada artıq bəyanatlardan deyil, yeni status-kvonu formalaşdıran konkret addımlardan söhbət gedir.

Xüsusi diqqət çəkən məqam sülh sazişinin hüquqi rəsmiləşdirilməsi ilə faktiki sülh vəziyyətinin fərqləndirilməsidir. Bu yanaşma yetkin və praqmatik siyasi düşüncəni əks etdirir: prioritet formal prosedurlara deyil, real təhlükəsizlik və davamlı sabitliyə verilir. Onilliklər boyu eskalasiya riski ilə yaşayan region üçün bu, keyfiyyətcə yeni mərhələdir.

Eyni zamanda, iqtisadi və nəqliyyat inteqrasiyasına dair perspektiv də ayrıca əhəmiyyət daşıyır. Yeni marşrutların formalaşdırılması, dəmir yolu infrastrukturunun inkişafı, Naxçıvan daxilində kommunikasiya xətlərinin bərpası vahid bağlılıq strategiyasının tərkib hissəsidir. Bu yanaşmada sülh son nöqtə deyil, qarşılıqlı iqtisadi maraqlarla möhkəmlənən davamlı proses kimi təqdim olunur. Məhz infrastruktur vasitəsilə uzunmüddətli sabitliyin əsası qoyulur - əməkdaşlıq qarşıdurmadan daha sərfəli olur".

Избранный
121
publika.az

1Источники