RU

Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb

62-ci Münhen Təhlükəsizlik Konfransı fevralın 13-də dünyada geosiyasi və geoiqtisadi gərginliyin yaşandığı bir şəraitdə işə başlayır. Bu, məhz uzunmüddətli ittifaqların möhkəmliyinin və davamlılığının sual altına düşdüyü, qaydalara əsaslanan beynəlxalq nizamın zəiflədiyi, qlobal miqyasda qeyri-sabitliyin artdığı və münaqişələrin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir. Bu il konfransda müzakirə olunan mövzulara Avropanın təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfliliyin yenidən gücləndirilməsi, qlobal nizam barədə rəqabət aparan baxışlar, regional münaqişələr və texnoloji inkişafların təhlükəsizlik sahəsinə təsirləri və digər məsələlər daxil edilib.

Dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu Konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir. Həmçinin dünya mediası da bu mötəbər tədbirə ciddi diqqət  göstərib və builki konfransda 115 ölkədən təxminən 1000 jurnalist qeydiyyatdan keçib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mötəbər konfransda iştirak etmək üçün fevralın 13-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Münhenə gəlib, tədbir ərəfəsində bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına  və “France 24” telekanalına müsahibə verib.

Prezident İlham Əliyev Münhendəki müsahibəsində ölkəmizin  bir çox sahələrdə üstünlüklərini xüsusi vurğulayıb. Bildirilib ki, ölkəmizin yerləşdiyi coğrafiya, Qərb və Şərqdəki qonşularla sıx əlaqələri,  elektrik enerjisinin artıqlığı, kadrlar hazırlığı və bir çox sahələrdə əldə edilən müvəffəqiyyətlər ona böyük üstünlüklər əldə edilməsinə imkan verir.  Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”.

Ölkə başçısı Münhendə Azərbaycan telekanallarına müsahibəsində Azərbaycan və Ermənistan arasındakı münasibətlərə, o cümlədən indi hamını maraqlandıran iki dövlət arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə də  aydınlıq gətirib. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Избранный
132
veteninfo.az

1Источники