Norveçdəki Nobel Komitəsi, bir dövr sədr vəzifəsini icra edən Torbyorn Jaglandın, ABŞ-də yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılan Ceffri Epşteyn ilə münasibətlərinin ortaya çıxmasından sonra arxivini araşdırmaq qərarı alıb.
"Cebheinfo.az" xəbər verir ki, Nobel Komitəsi tərəfindən verilən açıqlamada, 2009–2015-ci illərdə Nobel Komitəsinin sədri olmuş Norveçinin keçmiş Baş naziri Jaglandın Epşteyn ilə kifayət qədər yaxın münasibət qurduğunun bəlli olmasından sonra yeni bir təcrübəyə başlamaq qərarı verildiyi bildirilib.
Komitə üzvlərinin vəzifələri, maliyyə maraqları və aldıqları hədiyyələr mövzusunda "şəffaflığın" təmin edilməsinin məqsəd qoyulduğuna işarə edilən açıqlamada, arxivin detallı şəkildə yoxlanılması qərarının alındığı qeyd edilib.
Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken də Norveçdə yayım aparan NRK-yə verdiyi açıqlamada, arxiv araşdırması nəticəsində ciddi bir vəziyyətlə qarşılaşılarsa, ictimaiyyətin məlumatlandırılacağını ifadə edib.
Komitənin bütün üzvlərinin siyahılarını dərc etmək qərarı aldıqlarını da deyən Harpviken, bura gəlir, hədiyyə və səyahət məlumatları kimi halların da daxil ediləcəyini söyləyib.
Harpviken Jaglandın Epşteyndən bahalı hədiyyə, səyahət və digər xidmətlər almasının etik qaydalara zidd bir vəziyyət olduğunu vurğulayaraq, Jaglanda qarşı təhqiqat aparan iqtisadi cinayətkarlıqla mübarizə qurumu "Okokrim"ə də dəstək verməyə hazır olduqlarını qeyd edib.
"Okokrim" 12 fevralda Jagland ilə əlaqəli birdən çox mənzildə axtarış aparmışdı.