RU

İlahiyyatçıdan valideynlərə çağırış Məktəbli forması yoxsa dini geyim?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Məktəblərdə vahid geyim formasının tətbiqi və şagirdlərin xarici görkəmi ilə bağlı qaydalar gündəmdəki yerini qoruyarkən, azyaşlıların dini geyimlərə yönləndirilməsi məsələsi cəmiyyətdə yeni müzakirə dalğası başladıb. Təhsil müəssisələrində nizam-intizam və bərabərlik prinsipləri əsas götürülsə də, ailə daxilində uşaqlara qarşı tətbiq edilən dini tələblərin forması ekspertlərin diqqətindən qaçmır. İlahiyyatçılar bu həssas mövzuda valideynləri daha təmkinli olmağa çağırır, çünki erkən yaşda başlayan məcburiyyət uşağın mənəvi dünyasında gözlənilməz travmalara yol aça bilər.İmanda səmimiyyətin vacib olduğunu xatırladan din adamları  hesab edirlər ki, dini tərbiyə qadağalar və sərt qaydalarla deyil, sevgi və izah vasitəsilə aşılanmalıdır. Mərhələli yanaşmanın unudulması və azyaşlıların iradəsinə zidd olaraq müəyyən geyim qəliblərinə salınması gələcəkdə dindən uzaqlaşma və ya daxili etiraz kimi mənfi reaksiyalarla nəticələnə bilər. Mövzu təkcə geyim forması deyil, həm də uşaq psixologiyasının qorunması müstəvisində geniş şəkildə təhlil edilir.İlahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bu mövzu çox həssasdır və uşaq məsələsi şüar mövzusu deyil, burada həm din, həm vicdan, həm də gələcək nəsil var.“İslamın əsas prinsipi aydındır: Quranda buyurulur ki, dində məcburiyyət yoxdur. Bu ayə yalnız başqa dinə mənsub insanlara aid deyil, iman qəlbin qəbuludur və qəlbə zor işləyə bilməz. Zor davranış yarada bilər, amma iman yarada bilməz" – deyə ilahiyyatçı bildirib.Əkrəm Həsənov əlavə edib ki, Quranda həmçinin vurğulanır ki, valideyn özünü və ailəsini cəhənnəm əzabından qorumalıdır, bu, valideyn məsuliyyətini göstərir. “Deməli, iki həqiqət var: məcburiyyət yoxdur, məsuliyyət var. Balans məhz bu iki prinsip arasında qurulur.”Peyğəmbərin uşaqlarla davranışına diqqət çəkən ilahiyyatçı deyib: "O, uşaqları danlamaz, sındırmaz, şəxsiyyətlərini əzməzdi. Namazla bağlı hədisdə buyurulur ki, övladlarınıza yeddi yaşında namazı öyrədin. Burada "məcbur edin" deyil, "öyrədin" deyilir. Öyrətmək ilə məcbur etmək eyni şey deyil.İmam Qəzali deyirdi ki, uşaq qəlbi təmiz səhifə kimidir və ora yazılan silinmir, amma zorla yazmaqdan danışmırdı, mərhəmət və hikmətlə tərbiyədən danışırdı. İbn Xəldun isə sərt tərbiyənin uşağı ikiüzlü və qorxaq edə biləcəyini qeyd edirdi. Bu sözlər yüz illər əvvəl deyilib, amma hələ də aktuallığını saxlayır.”Həsənov vurğulayıb ki, uşağa dini geyim öyrətmək olar, amma onu alçaltmaq, utandırmaq, qorxutmaq doğru deyil:"Din izzət gətirir, qorxu isə psixologiya yaradır. Allah özünü ən çox Rəhman və Rəhim sifətləri ilə tanıdır; ilahi metod mərhəmət üzərində qurulub.”O əlavə edib ki, dini geyim bəzən iman müzakirəsi kimi təqdim olunur, amma iman qəlbdədir, geyim onun zahiri ifadəsidir. "Əgər uşaq dini geyimi sevərək qəbul edirsə, bu gözəldir. Əgər qorxudan edirsə, bu, gələcəkdə etiraz doğura bilər. Tarix də göstərir ki, zorla verilən dindarlıq uzunömürlü olmur.”"Övladına dini öyrətmək, halal və haramı başa salmaq olar, amma onun vicdanına hakim ola bilməzsiniz. Vicdan Allah ilə insan arasındakı sahədir; Peyğəmbər belə insanların qəlbinə hökm edə bilməzdi.”İlahiyyatçı sonda əlavə edib ki, İslam nə uşağı boş buraxmağı qəbul edir, nə də onu sındırmağı. Tərbiyə var, amma zor yoxdur. Məsuliyyət var, amma mərhələlidir. Din insanın daxilində kök atmalıdır, zorla deyil, anlayışla. Sevgi ilə verilən dəyər qalır, təzyiqlə verilən isə bir gün qopur.Yəni, uşaqlara dini geyimi məcbur etmək həm psixoloji, həm də dini baxımdan əks effekt yarada bilər.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
103
demokrat.az

1Источники