RU

Qara bax, qara...

Qışın ləzzətini Qubada çıxaranların sayı artır

Qış turizminin ən qızğın dövrüdür. Doğrudur, Azərbaycanda qış turizmi dedikdə, əsasən, Şahdağ (Qusar) və Tufandağ (Qəbələ) dağ-xizək kurortları yada düşür. Lakin digər bölgələrimiz də qışda gəzinti sevənləri öz səmtinə çəkir. 

Şimal bölgəmiz Quba, xüsusilə rayonun dağ kəndləri qış turizmi üçün fərqli təcrübələr nümayiş etdirir, o cümlədən gəzinti və yerli mədəniyyətlə tanışlıq təklif edir. Ümumiyyətlə, Qubada turizm qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən sayılır. Bu  bölgədə turizm infrastrukturunun müasir standartlara uyğun qurulmasına və ilin bütün fəsillərində işlək olmasına xüsusi diqqət yetirilir. Halbuki haradasa 15 il əvvəl Qubada yalnız yay turizmindən söhbət gedə bilərdi. İndi rayona ilin bütün fəsillərində insan axını var, hər fəsildə dünyanın müxtəlif yerlərindən Qubaya minlərlə insan səfər edir. 

Quba hələ sovet dönəmindən respublikamızın bir neçə cəlbedici turizm rayonlarından  biri idi. Yəni adı  Naftalan, Qusar, Qalaaltı ilə eyni sırada səslənirdi. Müstəqillik  dövrünün ilk illərindən başlayaraq, burada da köhnə brendlər təzələndi və təkmilləşdirildi. İndi turizm bu rayonun  daha geniş ərazilərini əhatə edir. 

Turizm zonası kimi inkişaf edən, valehedici flora və faunaya, əsrarəngiz təbiətə malik Quba hər fəsildə olduğu kimi, qışda da öz qonaqlarına qucaq açır. Rusiya ilə sərhədin bir addımlığında, paytaxtdan cəmi 150  kilometrlik məsafədə yerləşən rayon qışda dağ kəndləri ilə turistlərin marağına səbəb olur. Bir çox turist çadırlarda qalmağı adrenalin kimi qəbul edir. Kəndlərdəki bulaqlar, qədim qalalar da onları daha çox cəlb edən marşrutlar sırasındadır. 

Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərar tutan Qubada bu günlər  çoxsaylı  səyahət həvəskarına və təbiət vurğununa rast gəlmək mümkündür. Onların  dağ və dərələrdən, tarixi qədim dövrlərə gedib çıxan yaşayış məskənlərindən, tikililərdən heyranlıqları  üzlərindən, gözlərindən görünür. Deyirlər ki, bura dəfələrlə gəliblər, amma ürək bu yurdun gözəlliyindən doymur.

Qubaya qar payızın sonlarından yağmağa başlayır. Elə həmin vaxtlardan başlayan  turist axını fasiləsiz davam edir.  Rayonun kənd və hotel  turizmi də öz  işini  bu  axının tələbatına uyğun qurmağa çalışır. Doğrudur, payız və qış aylarında turistlər rayon mərkəzində və hotellərdə qalmağa üstünlük verirlər, amma qarlı və keçilməz yollarla səyahət etmək istəyənlər də az olmur. Təxmini  hesablamalara görə, qarlı havalarda, yəni ötən  iki ayda Qubaya gələn turistlər yay mövsümündə gələnlər qədərdir. Son iki həftədə yağan qarın ləzzətini yaşamaq istəyən turistlərdən hətta açıq hava altında çadır quranlar da var.

Qubada turizm fəaliyyəti ilə məşğul olan Ruslan Hüseynov bildirir ki, əvvəllər  yanvar-fevral aylarında, əsasən, təmirlə, ləvazimatların yenilənməsi və yaya hazırlıqla bağlı digər işlərlə məşğul olurdular: "İndi isə xüsusən şənbə və bazar günləri bizim istirahət mərkəzimizdə oturmağa belə, yer olmur. Əsasən də paytaxtda və  ətraf ərazilərdə qar olmayanda  insanlar bu tərəflərə daha çox üz tuturlar".

Quba sumqayıtlıların da ən çox sevdiyi turizm  məkanlarındandır. Sumqayıt sakini  Məhərrəm Əkbərovun ailəsi ilə birlikdə ilin bütün fəsillərində üz tutduğu istirahət yeri şimal bölgəsidir. O, bizimlə söhbətində dedi ki, Qubaya qışda ailəliklə   gəlirlər: "Yeni doğulan nəvəmə həkimlər təmiz hava məsləhət görüblər. Həftənin demək olar ki, dörd gününü burada keçiririk. Bu, körpəyə çox müsbət təsir edir".

Qubadakı istirahət mərkəzlərinin ilin bütün fəsillərində fəaliyyət göstərməsi də məhz bu tələbatla bağlıdır. Artıq bu sahədə bir "Quba" brendi də formalaşıb.  Hazırda Qonaqkənd istiqamətində yolların təmir edilməsi bu ərazilərə turist axını ilə müşahdə  olunur. Pirvahid, Nügədi, Qamqam və digər bir-birinə bitişik kəndlərdə turistlər qar yağmağa başlayandan evlərin çoxunu kirələyib. Elə ona görədir ki, səhərlər bu yerlərdə təndir çorəyinin xoş ətri  təbiətin saf nəfəsinə qarışaraq  ətrafı bürüyür.    

Möhüc, Tülər, Gültəpə,Yenikənd kimi səfalı dağ kəndləri yeni turist marşrutunun əsası ola bilər. Artıq burada da yollar təmir edilib. Kəndlərə düşən ara yollar da təmirlidir. Qalır bircə bu istiqamətdə turist marşrutlarının təşkil edilməsi, kirayə veriləcək evlərin şəraitinin yaxşılaşdırılması. Yəqin yay mövsümünədək  bu məsələlər  də yoluna düşər.  

Onu da deyək ki, rayonda qarlı şəraitə öncədən hazırlıq görülüb. İstirahət mərkəzlərinin ərazisinə  duz, yolların ətrafına qum gətirilib. Amma  qar fırtınası ilə üzbəüz gəlməyin dadını çıxarmaq  istəyənlərə turizm şəbəkələri ehtiyatlı olmağı məsləhət görür. Çünki son illər qarlı dolaylarda həyatını itirən və  zədə alan insanların taleyi hamıya bəllidir. 

Qaldı ki,  saysız-hesabsız təamlarla zəngin şimal bölgəsi mətbəxinə, qış aylarında da qonaqlara təqdim etməyə çox çeşidlər var. Mütəxəssislər bu  şərtin də vacibliyini vurğulayırlar. Bir sözlə, burada insanların  bir-birini tərcüməçisiz başa düşməsi o qədər də çətin deyil...

"Qışın ömrü qısa olur" deyiblər. Odur ki,  ağ örpəkli bu fəslin gözəlliyindən zövq almaq fürsətini əldən  verməyək.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Избранный
53
azerbaijan-news.az

1Источники