RU

Nə tökərsən aşına, o da çıxar qaşığına Sağlamlıq boşqabda formalaşır

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

Balanslı qidalanma həm fərdi sağlamlığın qorunmasında, həm də cəmiyyətin ümumi rifahının təmin edilməsində həlledici rol oynayır. Mütəxəssislərin fikrincə, qeyri-sağlam qidalanma dünyada xəstəlik və əlilliyin əsas risk faktorlarından biridir. Düzgün qurulmuş qida rejimi isə həm dünyada qida çatışmazlığının bütün formalarının, həm də diabet, ürək-damar xəstəlikləri, insult və xərçəng kimi qeyri-infeksion xəstəliklərin qarşısını almağa kömək edir. Sağlam qidalanma vərdişləri həyatın erkən dövrlərindən formalaşmalıdır. Ana südü ilə qidalanma körpələrin sağlam inkişafını və zehni potensialının artmasını təmin edir. Uşaqlıq və yeniyetməlik dövründə formalaşan qidalanma davranışları əksər hallarda yetkinlik dövründə də davam edir. Qidalanma üzrə beynəlxalq tövsiyələrə görə, sağlam rasionun əsasını dörd prinsip təşkil edir: kifayətlilik, balans, ölçülülük və müxtəliflik. Qida orqanizmin enerji və qida maddələrinə olan ehtiyacını ödəməli, qəbul edilən enerji sərf olunan enerji ilə uyğun olmalı, zərərli komponentlərin istehlakı məhdudlaşdırılmalı və rasion mümkün qədər müxtəlif məhsullardan ibarət olmalıdır. Eyni zamanda, qida təhlükəsiz olmalı, mikrobioloji və kimyəvi çirklənmədən azad saxlanılmalıdır. Son illərdə qida sektorunda, insanların həyat tərzində baş verən dəyişikliklər, urbanizasiya insanların qidalanma modelinə də təsir göstərib. Müşahidələr göstərir ki, hazırda insanlar daha çox yüksək emal olunmuş, duz, şəkər və zərərli yağlarla zəngin məhsullar istehlak edir, eyni zamanda meyvə-tərəvəz və lif qəbulunun səviyyəsi aşağı olaraq qalır. Mütəxəssislər gündəlik rasionda karbohidratların əsasən tam taxıllar, tərəvəzlər, meyvələr və paxlalılar hesabına təmin olunmasını tövsiyə edirlər. 10 yaşdan yuxarı şəxslər üçün gündə ən azı 400 qram meyvə və tərəvəz, eləcə də kifayət qədər lifli qidalar qəbul etmək vacib sayılır. Eyni zamanda, sərbəst şəkərlərin qəbulu gündəlik enerji ehtiyacının 10 faizindən az olmalıdır. Yağların keyfiyyəti də xüsusi əhəmiyyət daşıyır. Bitki mənşəli doymamış yağlar heyvan mənşəli doymuş və sənaye üsulu ilə istehsal olunan trans-yağlardan üstün tutulmalıdır. Ümumi duz qəbulu isə gündə 5 qramdan çox olmamalıdır. Bu, arterial təzyiqin yüksəlməsi və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edir. Qidalanmada zülalın həm heyvan, həm də bitki mənşəli mənbələrdən alınması, eləcə də vitamin və mineral baxımından zəngin məhsulların – meyvə, tərəvəz, tam taxıl, qoz-fındıq və paxlalıların rasionda yer alması tövsiyə olunur. Xüsusilə vurğulanır ki, ilk iki il ərzində düzgün qidalanma uşaqların sağlam böyüməsi və gələcəkdə piylənmə və xroniki xəstəliklər riskinin azalması baxımından mühüm əhəmiyyət kəsb edir. İlk 6 ay yalnız ana südü ilə qidalanma, daha sonra isə müxtəlif və təhlükəsiz əlavə qidaların mərhələli şəkildə tətbiqi tövsiyə edilir. Ekspertlər hesab edirlər ki, sağlam qidalanmanın təşviqi yalnız fərdi seçimlərlə məhdudlaşmamalıdır. Bu istiqamətdə dövlət siyasəti, qida sənayesi, təhsil sistemi və ictimai maarifləndirmə tədbirləri mühüm rol oynayır. Sağlam qidaların əlçatanlığının artırılması, məhsulların tərkibi barədə aydın məlumatlandırma və uşaqların zərərli qida reklamlarından qorunması prioritet tədbirlər sırasında göstərilir. M. Həsənli

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
azvision.az

1Источники