RU

“Arsenal” darmadağın etdi, MY ardıcıl 4-cü qələbəsini qazandı - İCMAL

Premyer-liqada 25-ci tur çox məhsuldar alındı.

"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Liverpul” evdə “Mançester Siti”yə uduzdu. “Şəhərlilər” çempionluq yarışında qaldı. Turnir cədvəlinə başçılıq edən “Arsenal” “Sanderlend”i darmadağın etdi. “Çelsi” böhran yaşayan “Vulverhempton”a Palmerin het-triki sayəsində qalib gəldi.

“Mançester Yunayted” də Karrikin rəhbərliyi altında qələbələri sıralamaqdadı. “Tottenhem”i qəbul edən “qırmızı şeytanlar” ardıcıl 4-cü oyundan qalib ayrıldı. Bir neçə tur əvvəl liderin əsas izləyicisi olan “Aston Villa” növbəti dəfə xal itirdi.

MS “Endild”də artıq 3-cü dəqiqədə hesabı aça bilərdi. Ancaq Holannın zərbəsindən sonra Alisson meydan sahiblərini xilas etdi. 10 dəqiqə sonra Marmuş də qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı, daha dəqiqi, “çərçivə”yə düşə bilmədi. İlk yarıda mançesterlilər daha yaxşı təsir bağışlasa da, komandalar fasiləyə bərabərliklə yollandı. 2-ci hissənin əvvəlində Ekitikenin bir neçə imkanı oldu, ancaq fransalı ulduz qeyri-dəqiq oynadı. 74-cü dəqiqədə mersisaydlılar “şəhərlilər”in qapısına yol tapa bildi. Soboslai standart vəziyyətdən güclü zərbə ilə Donnarummanı təslim olmağa məcbur etdi.

Bundan sonra MS böyük qüvvə ilə irəli atıldı. 84-cü dəqiqədə hesab bərabərləşdi. Holannın ötürməsindən sonra Bernardo Silva qapıya yol tapdı. İlk uzatma dəqiqəsində isə “şəhərlilər” penalti qazandı. Alisson Nunyeşə qarşı kobud oynadı. “Nöqtə”yə yaxınlaşan Holann imkanı boşa vermədi. “Qırmızılar”ın məğlubiyyətdən qaçmaq imkanı olsa da, Makallisterin zərbəsindən sonra Donnarumma komandasını xilas etdi. 90+13-cü dəqiqədə Soboslai birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Beləliklə, əzmkar qələbə qazanan MS “Arsenal”ı izləməkdədi.

O “Arsenal”ı ki, çoxdan gözlənilən çempionluğa doğru inamla addımlamaqdadı. “Topçular” “Sanderlend”i qəbul etdi. Oyuna yaxşı başlayan “qara pişiklər” 8-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Rayyanın səhvindən sonra Brobbinin qapıya yönəltdiyi topu xətdən Haverts çıxardı. “Arsenal” ilk təhlükəli vəziyyəti 30-cu dəqiqədə yaratdı. Raysın zərbəsindən sonra top qapıdan azca aralı keçdi. Fasiləyə az qalmış “topçular” hesabı açdı.

Subimendi uzaq məsafədən fərqləndi. 2-ci hissənin əvvəlində qonaqların hesabı bərabərləşdirmək şansı olsa da, Rayya Talbinin zərbəsindən sonra inamlı oynadı. 66-cı dəqiqədə “Arsenal” fərqi artırdı. Sonradan meydana çıxan Dyökereş fərqləndi. Qonaqlar intriqanı bərpa etməyə çalışdığı anlarda dubl edən Dyökereş oyunun taleyinə tam aydınlıq gətirdi.

“Çelsi” Liam Rosenyorun rəhbərliyi altında çempionatda ardıcıl 4-cü qələbəsini qazandı. “Zadəganlar” “Vulverhempton”la səfər oyununda heç bir çətinlik yaşamadı. Onlar artıq 13-cü dəqiqədə irəli çıxdı. Dohertinin Pedroya qarşı kobudluğuna görə təyin olunan penaltini Palmer qola çevirdi. Ardından Fernandeslə Hüstonun fərqi artırmaq imkanları olsa da, qapıçı Sa “canavarlar”ı xilas etdi. Amma 35-ci dəqiqədə “Çelsi” növbəti qolu vurdu. Yenə penalti, yenə Palmer... Yarımmüdafiəçi fasiləyə qədər het-trik etməyə də imkan tapdı və bununla da oyunun taleyi həll olundu.

Düzdü, 2-ci hissənin əvvəlində “Vulverhempton” nəsə etməyə çalışdı. Əvvəlcə Qomeş topu dirəyə vurdu, ardından Arokodare qollardan birinin əvəzini çıxdı. Qonaqların bundan artığına gücü çatmadı. İnamlı qələbə qazanan “Çelsi” “ÇL zonası”nın arxasında qərarlaşıb.

“Çelsi” ilə yanaşı, MY də qələbələri sıralayır. MS, “Arsenal” və “Fulhem”in ardından növbə “Tottenhem”ə çatdı. Karrikin komandası artıq 2-ci dəqiqədə təhlükəli vəziyyət yaratsa da, Mbemo topu tirin üzərindən vurdu. 10 dəqiqə sonra Kazemiro uzaq məsafədən “atəş açdı”, ancaq Vikario qola imkan vermədi. Şimali Londondan olan qonaqlar buna Qallaherin təhlükəli zərbə ilə cavab verdi. 21-ci dəqiqədə Kunya effektli qol vura bilərdi, braziliyalı forvardın zərbəsində azca dəqiqlik çatmadı.

29-cu dəqiqədə “mahmızlar” gözlənilmədən azlıqda qaldı. Adi vəziyyətdə Kazemiroya qarşı hədsiz kobud oynayan Romero birbaşa “qırmızı” ilə qovuldu. Hələ fasiləyə qədər mankunianlar say üstünlüyündən yararlandı. Maraqlı şəkildə yerinə yetirilən künc zərbəsinin ardından Mbemo topu tora göndərdi. “Yunayted”in başqa imkanları da var idi, sadəcə, Vikario bir neçə seyvlə komandasını oyunda saxladı. 2-ci hissəsin əvvəlində Diallonun qolu ofsayd üzündən sayılmadı. 69-cu dəqiqədə meydan sahiblərinin daha bir qolu ofsayda “qurban getdi”. Nəhayət, 81-ci dəqiqədə “qırmızı şeytanlar”, daha doğrusu, Fernandeş qaydalar çərçivəsində qol vurdu.

Turun ən məhsuldar oyununun iştirakçısı “Qarabağ”ın ÇL-dəki rəqibi “Nyukasl” oldu. “Brentford”la oyuna inamlı başlayan “sağsağanlar” müdafiəçi Botmanın ilk yarının ortalarındakı qolu ilə irəli çıxdı. Ruhdan düşməyən “arılar” isə fasiləyə qədər nəinki hesabı bərabərləşdirə, hətta önə də keçə bildilər. Əvvəlcə Yanelt fərqləndi, fasilə ərəfəsində Tyaqo penaltini dəqiq yerinə yetirdi.

“Nyukasl” 2-ci hissədə hesabı bərabərləşdirmək üçün əlindən gələni etdi. Eddi Haunun çalışdırdığı komanda yalnız 79-cu dəqiqədə “status-kvo”nu bərpa etdi. Amma 6 dəqiqə sonra “Brentford” yenidən hesabı dəyişdi. Uattaranın qolu “arılar”a əzmkar qələbə qazandırdı. “Qarabağ”ın rəqibi bütün turnirlər çərçivəsindəki son 9 oyunun yalnız birində qalib gəlib.

Turun qalan oyunlarına gəlincə, “Aston Villa” ardıcıl 2-ci oyunda qələbəyə həsrət qaldı. “Vest Hem” isə təhlükəli zonadan uzaqlaşmaqdadı. “Çəkicdöyənlər” səfərdə “Bernli”nin qapısından iki cavabsız qol keçirdi. “Everton” “Fulhem” üzərində əzmkar qələbə qazandı. “Lids” də “Nottingem Forest”i məğlub etməklə azarkeşlərini sevindirdi. Turun yalnız bir qol vurulan yeganə oyununda “Kristal Pelas” səfərdə “Brayton”a qalib gəldi.

25-ci tur
Liverpul – Mançester Siti 1:2

Soboslai, 74 – B.Silva, 84. Holann, 90+3. (61204)
Liverpul: Alisson, Soboslai, Konate, Van Diyk, Kerkez (Kyeza, 90+5), Qravenberx, Makallister, Salah, Virts, Qakpo (Cons, 85), Ekitike.
MS: Donnarumma, Nunyeş, Xusanov (Dias, 61), Qehi, Ayt-Nuri, B.Silva, Rodri, O’Rayli, Semenyo (Ake, 90+6), Holann, Marmuş (Şerki, 61).

Arsenal – Sanderlend 3:0
Subimendi, 42. Dyökereş, 66; 90+3. (60312)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Kalafyori (İnkapye, 67), Haverts (Eze, 67), Subimendi, Rays, Madueke (Martinelli, 60), Jezus (Dyökereş, 60), Trossar (Nerqor, 89).

Mançester Yunayted – Tottenhem 2:0
Mbemo, 38. Fernandeş, 81. (73985)
MY: Lammens, Dalot, Maquayr, Martines, Şou (Mazraui, 87), Kazemiro (Uqarte, 87), Maynu (Fletçer, 90+2), Diallo, Fernandeş, Kunya (Şeşko, 75), Mbemo (Zirkzee, 87).

Vulverhempton – Çelsi 1:3
Arokodare, 54 – Palmer, 13-p.; 35-p.; 38. (29762)
Çelsi: Sançes, Hüsto (Açimponq, 75), Fofana, Çaloba, Kukurelya, Kaysedo, Palmer (Qarnaço, 61), Santos (Hato, 84), Fernandes, Neto, Pedro (Delap, 75).

Nyukasl – Brentford 2:3
Botman, 24. Gimarayns, 79-p. – Yanelt, 37. Tyaqo, 45+2-p. Uattara, 85. (52032)
Nyukasl: Poup, Trippyer (Bern, 87), Tiav, Botman, Holl, Uillok (Elanqa, 46), Gimarayns, Tonali (Remsi, 87), C.Mörfi (Voltemade, 46), Vissa (Osula, 65), Barns.

Lids – Nottingem Forest 3:1
Boql, 26. Okafor, 30. Kalvert-Lüin, 49 – Lukka, 86. (36835)

Bernli – Vest Hem 0:2
Sammervill, 13. Kastelyanos, 26. (21273)

Bornmut – Aston Villa 1:1
Rayan, 55 – Rocers, 22. (11248)

Fulhem – Everton 1:2
Mikolenko, 18-öz qapısına – Dyusberi-Holl, 76. Leno 83-öz qapısına. (27155)

Brayton – Kristal Pelas 0:1
Sarr, 61. (29352)

1. Arsenal 25 17 5 3 49-17 56
2. Mançester S. 25 15 5 5 51-24 50
3. Aston Villa 25 14 5 6 36-27 47
4. Mançester Y. 25 12 8 5 46-36 44
5. Çelsi 25 12 7 6 45-28 43
6. Liverpul 25 11 6 8 40-35 39
7. Brentford 25 12 3 10 39-34 39
8. Everton 25 10 7 8 28-28 37
9. Sanderlend 25 9 9 7 27-29 36
10. Fulhem 25 10 4 11 35-37 34
11. Bornmut 25 8 10 7 41-44 34
12. Nyukasl 25 9 6 10 35-36 33
13. Kristal Pelas 25 8 8 9 26-29 32
14. Brayton 25 7 10 8 34-33 31
15. Tottenhem 25 7 8 10 35-35 29
16. Lids 25 7 8 10 34-43 29
17. Nottingem Forest 25 7 5 13 25-38 26
18. Vest Hem 25 6 5 14 31-48 23
19. Bernli 25 3 6 16 25-49 15
20. Vulverhempton 25 1 5 19 16-48 8

Bombardirlər: Holann (MS) – 21, Tyaqo (Brentford) – 17, Semenyo (Bornmut) – 12, Ekitike (Liverpul), Kalvert-Lüin (Lids) - 10.

Növbəti turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək: Tottenhem – Nyukasl, Çelsi – Lids, Everton – Bornmut, Vest Hem – Mançester Yunayted, Aston Villa – Brayton, Kristal Pelas – Bernli, Mançester Siti – Fulhem, Nottingem Forest – Vulverhempton, Sanderlend – Liverpul, Brentford – Arsenal.

Turun rəqəmi
200 – Bruno Fernandeş premyer-liqada “qol+ötürmə” göstəricisi üzrə xalını bu həddə çatdırdı. Portuqaliyalı yarımmüdafiəçi bu liqada keçirdiyi 314 oyunda 104 qol vurub, 96 məhsuldar ötürmə verib. MY-nin oyunçuları arasında 200 məhsuldar hərəkətə Fernandeşdən daha tez çatan Ueyn Runidi. Ona bunun üçün 295 oyun lazım gəlib.

Turun ulduzu
Koul Palmer (Çelsi) – tədricən forma yığan futbolçu “Vulverhempton”la oyunun taleyini həll etdi. Koul hələ ilk yarıda üç qol vurmağı bacardı. O, sonuncu dəfə 2024-də het-trik etmişdi.

Turun sitatı
Bernardo Silva, MS-nin yarımmüdafiəçisi:
“Bütün komanda oyuna qədər anlayırdı ki, uduzsaq, bizim üçün çempionluq yarışı bitəcək. Qalib gəlməyə borclu olduğumuzu hiss edirdik. Ümid var və sona qədər mübarizə aparacağıq”.

Faktlar
* “Tottenhem”in müdafiəçisi Romero premyer-liqada debüt etdiyi 2021-in avqustundan bəri ən çox meydandan qovulan oyunçudu. Onu bütün turnirlər çərçivəsində 6 dəfə meydandan qovublar.
* MS 1936/37 mövsümündən bəri ilk dəfə “Liverpul”a hər iki oyunda qalib gəldi. İlk dövrədəki oyunda “şəhərlilər” 3:0 hesabıyla qələbə qazanmışdı. “Siti” 1936/37 mövsümündə “Liverpul”u iki dəfə darmadağın etmiş (5:0, 5:1) və sonda çempion olmuşdu.
* “Liverpul” ötən mövsümlə müqayisədə hədsiz zəif nəticə göstərir. 25 turdan sonra 39 xalı olan son çempion lider “Arsenal”dan 17 xal geri qalır. Ötən mövsüm 25 turdan sonra zirvədə qərarlaşan “qırmızılar”ın 60 xalı var idi.
* “Liverpul” cari mövsümdə 8-ci məğlubiyyətini aldı. Halbuki əvvəlki iki mövsümün hər birində 4 məğlubiyyət var idi. 2022/23 mövsümündə isə komanda 9 oyundan xalsız ayrılmışdı.
* Premyer-liqada heç bir komanda 90-cı dəqiqədən sonra “Liverpul” qədər qol buraxmır. “Qırmızılar”ın rəqibləri bu mövsüm onları artıq 4 dəfə belə cəzalandırıb. Mersisaydlılar “Uotford”un 2017/18 mövsümündə müəyyənləşdirdiyi və sonradan elə həmin komandanın (2021/22), “Vest Hem”in (2021/22) və “Sauthempton”un (2024/25) təkrarladığı antirekorda çatdı.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyundan və nəticədən çox razıyıq. “Sanderlend” həqiqətən yaxşı rəqibdi, problem yaratmağı bacarır. Qapımız önündə təhlükə yaranmasına imkan vermədik. Ancaq o da hiss olunurdu ki, oyunun axarına tam nəzarət və dominantlıq etmək mümkün deyil. Çünki rəqib kombinasiyaları pozmağı yaxşı bacarır”.

Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Qalib gəldik, düzdü? Qələbə qürur duymaq üçün əsasdı. İlk yarıda qeyri-adi oynadıq, bir neçə imkanı boşa verdik. İkinci hissədə isə təşəbbüs rəqibin tərəfindəydi. Soboslai necə möhtəşəm qol vurdu! Ancaq son nəticədə kapitanımızın inamı, xarakteri, təslim olmamaq istəyi hər şeyi həll etdi. Onun ardınca getdik və geridönüş reallaşdı. İlk yarıda yaxşı oynasaq da, həlledici ötürmə çatmırdı. Müdafiədə möhtəşəm oynadıq, Salah, Qakpo, Virts kimi oyunçuların qarşısını almaq asan deyil. İkinci hissədə gözlədiyimiz baş verdi. 90 dəqiqə ərzində yetərincə sabit olmasaq da, “artırmağa” çalışırıq. Bəlkə də tam hazır deyilik, ancaq bir ay sonra ola bilərik. Ruben Diaş qayıtdı, başqaları da qayıdır. Klubun parlaq gələcəyi var. Yaxşı transferlər etmişik. Hər kəs uyğunlaşandan sonra çox yaxşı komandamız olacaq”.
Избранный
29
1
football-plus.az

2Источники