RU

Soyuq havalarda dəridə səpgilərin yaranmasının səbəbi açıqlanıb

Mütəxəssislərin sözlərinə görə, qış aylarında soyuq və quru hava dərinin təbii qoruyucu baryerini zəiflədir.

E-saglam.az xəbər verir ki, dermatoloq doktor Aygün Talıbova bildirib ki, bu dövrdə nəmin sürətlə buxarlanması dəridə quruluq, gərginlik, qabıqlanma, çatlar və qaşınmaya səbəb olur.

Damarların soyuqda daralması isə dərinin özünü bərpa etmə sürətini ləngidir. Bu da yaraların gec sağalmasına, qıcıqlanmanın daha tez yaranmasına gətirib çıxarır. Atopik dermatit, seboreik dermatit, rosacea və ürtiker kimi dəri xəstəlikləri olan insanlar bu təsirləri daha kəskin yaşayırlar. Əlləri tez-tez yuyan şəxslər və yaşlılar da risk qrupundadırlar.

Doktor Talıbovaya görə, qışda dərini qorumağın əsas yolu baryeri bərpa etmək və gücləndirməkdir. Zərif və qoxusuz təmizləyicilərdən istifadə etmək, çox isti və soyuq sudan uzaq durmaq və baryer bərpa edən nəmləndiriciləri mütəmadi çəkmək dərinin müdafiəsini artırır. Dodaqlar da xüsusi baryer yaradan vasitələrlə qorunmalıdır.

Mütəxəssis bildirir ki, qapalı məkanlarda radiator və kaminlərin yaratdığı quru istilik də dəriyə təsir edir. Buna görə otağı nəmləndirmək, gecələr soyuq dumanlı nəmləndiricidən istifadə etmək faydalıdır. Duşdan sonra ilk dəqiqələrdə nəmləndirici çəkmək nəm itkisinin qarşısını alır.

Qış dövründə dəri sağlamlığı təkcə xarici qulluqla bitmir. Su içmək, balanslı qidalanmaq və vitamin-minerallarla dəri baryerini daxildən dəstəkləmək vacibdir. Xüsusilə yaşlılar və uşaqlarda qış dərisinə xüsusi diqqət lazımdır.

Soyuq və küləkli günlərdə şərf, əlcək kimi qoruyucu aksessuarlardan istifadə, temperatur dəyişikliklərindən qaçınmaq və müntəzəm baryer-bərpaedici qulluq dərini qorumağa kömək edir. Şikayətlər davam edərsə, dermatoloqa müraciət olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
22
e-saglam.az

1Источники