RU

Veneradakı "göy pəncərəsi" həyəcanı: Radarın aşkar etdiyi tunellərin sirri nədir?

“Yer kürəsinin əkiz qardaşı” kimi tanınan Veneradakı ilk dəfə konkret sübuta rast gəlinib. Alimlər 1990-cı illərə aid köhnə radar məlumatlarını müasir üsullarla yenidən təhlil edərək planetin səthinin altında kilometrlərlə uzanan nəhəng lava tunelini aşkar ediblər.

HİT.az xəbər verir ki, Günəş sistemində ən yüksək temperatur göstəricilərinə malik olan Venera uzun illərdir “Yer kürəsinin əkiz qardaşı” adlandırılsa da, qalın bulud təbəqəsi səbəbindən sirrini böyük ölçüdə qoruyub saxlayır. Alimlər bu cəhənnəmvari planetin səthində keçmişdə intensiv vulkanik fəaliyyətin baş verdiyini bilirdilər, lakin yeraltı strukturlar indiyədək yalnız fərziyyə səviyyəsində idi.

İndi isə Trento Universitetinin tədqiqat qrupu onilliklər əvvəl toplanmış məlumatları müasir texnologiyalarla araşdıraraq Veneranın dərinliklərində nəhəng lava borusunun mövcudluğunu sübut edib. Bu kəşf planetin geoloji təkamülü ilə bağlı mövcud bilikləri əsaslı şəkildə dəyişə bilər.

Lava boruları səthlə axan lavanın xarici hissəsinin soyuyaraq bərkiməsi, daxildəki isti lavanın isə axmağa davam edib boşalması nəticəsində yaranan təbii yeraltı tunellərdir. “Pirokanal” kimi də tanınan bu strukturlar daha əvvəl Yer kürəsində və Ayda müşahidə edilib. Lakin Venerada ilk dəfə onların konkret nümunəsi qeydə alınır.

Tədqiqatın rəhbəri Lorenso Bruzzonenin sözlərinə görə, illərdir yalnız nəzəriyyə kimi mövcud olan ehtimallar artıq təsdiqlənib və bu kəşf Veneranın təkamülünü anlamaq üçün yeni imkanlar açır.

Tədqiqatçılar bu nəticəyə nail olmaq üçün NASA-nın 1990-cı illərin əvvəlində Veneranı xəritələndirən "Magellan" kosmik aparatının radar görüntülərindən istifadə ediblər. Veneranın sıx atmosferi adi kameraların səthi müşahidə etməsinə imkan vermədiyindən radio dalğaları ilə işləyən radar sistemləri xüsusi əhəmiyyət daşıyır.

Komanda tunellərin tavan hissəsinin çökməsi nəticəsində yaranan və “göy pəncərəsi” adlandırılan dəlikləri müəyyən etmək üçün xüsusi görüntüləmə texnikası hazırlayıb.

Veneranın Nuks Mons bölgəsində aşkar edilən bu nəhəng yeraltı kanal Yer kürəsindəki analoqlarından xeyli böyükdür. Hesablamalara görə, tunelin eni təxminən 1 kilometrə çatır, üzərindəki qoruyucu tavan qatının qalınlığı isə azı 150 metrdir. Mövcud məlumatlar hazırda yalnız açıq dəliklərə yaxın hissələrin ölçülməsinə imkan versə də, ərazinin relyefi bu tunellərin səthin altında ən azı 45 kilometr uzandığını göstərir.

Veneradakı lava borularının Yer kürəsindəkilərdən daha geniş və hündür olması planetə xas vulkanik proseslərlə əlaqələndirilir. Gələcəkdə planlaşdırılan "Veritas" və "EnVision" kimi yeni kosmik missiyalar Veneranın səthini daha yüksək dəqiqliklə skan edə bilən radar sistemləri ilə təchiz olunacaq. Hətta səthin altına yüzlərlə metr nüfuz edə bilən radar qurğuları sayəsində zahirdə heç bir əlamət göstərməyən gizli tunellərin belə xəritəsini çıxarmaq mümkün olacaq.

Samir

Избранный
20
hit.az

1Источники