RU

"DTX tərəfindən dövlətə xəyanət edənlərin ifşa olunması olduqca mühüm hadisədir" - Deputat

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı siyasi proseslərə müdaxiləsi və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi başlanıb.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, DTX tərəfindən xarici xüsusi xidmət orqanlarına işləyən, Azərbaycana xəyanət edən və dövlətə xəyanət cinayətləri törətməklə ölkədə hakimiyyəti ələ keçirməyə cəhd göstərən cinayətkarların ifşa olunması və onların müvafiq məsuliyyətə cəlb edilməsi dövlətimizin təhlükəsizliyinin qorunması baxımından olduqca mühüm hadisədir:

"Hazırda Azərbaycana qarşı xarici kəşfiyyat orqanlarının dəstəyi ilə fəaliyyət göstərən belə qrupların və şəxslərin qanun qarşısında cavab verməsi vacibdir. Dövlətə xəyanət ağır cinayət hesab olunur və bu cinayəti törədən və ya törətməyə cəhd edən şəxslər mütləq şəkildə məsuliyyətə cəlb edilməlidirlər. Xüsusilə belə həssas bir dövrdə, regionda Azərbaycanın və onun rəhbərliyinin həyata keçirdiyi siyasət və əldə etdiyi uğurlar fonunda bu cür halların baş verməsi təəssüf doğurur".

Onun sözlərinə görə, Azərbaycanın uğurlarını qəbul etməyən, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək öz dövlətinə xəyanət edən şəxslər milli təhlükəsizlik, xalqın təhlükəsizliyi və dövlətin suverenliyi üçün ciddi təhdid yaradırlar.

"Bu şəxslərin qanun qarşısında layiqli cəzalarını alacaqlarına və qanunla məsuliyyətə cəlb ediləcəklərinə şübhə yoxdur. Bu, həm xarici kəşfiyyat orqanlarına, həm də Azərbaycana qarşı xəyanət niyyətində olanlara açıq mesajdır ki, milli suverenlik, təhlükəsizlik və dövlətin toxunulmazlığı müqəddəs dəyərlərdir və bu dəyərlərə qarşı çıxanlara heç bir güzəşt olunmayacaq. Bu hadisə eyni zamanda ölkəmizin müstəqilliyini və suverenliyini istəməyən qüvvələr üçün də ciddi xəbərdarlıqdır. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumat diqqətlə izlənilməli və Azərbaycanla bağlı planlar yenidən nəzərdən keçirilməlidir.

Azərbaycan müstəqil və suveren dövlətdir. Xüsusilə Qarabağ müharibəsində əldə olunan qələbədən sonra regionda yeni reallıq formalaşıb və bu reallığı qəbul etmək istəməyənlər də nəticə çıxarmalı, Azərbaycanla münasibətlərində bu gerçəkliyi nəzərə almalıdırlar", - deyə T.Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Избранный
98
1
redaktor.az

2Источники