RU

"İraq türkmanlarinın Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası" təsis edilib

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 12-də Bağdad şəhərində yerləşən Əl-Müstənsəriyyə Universitetində keçirilmiş geniş tərkibli tədbir çərçivəsində “İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası”nın yaradılması haqqında qərar qəbul olunub.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasından (ABİA) AZƏRTAC-a verilən məlumata görə, Bağdad Universitetinin professoru Mahmud Çayırlı çıxışı zamanı bildirib ki, yeni yaradılmış Şura tarixi köklərlə Azərbaycanla çoxsaylı və dərin bağlara malik olan İraq türkmanları ilə Azərbaycan arasında ictimai, mədəni və mənəvi əlaqələrin daha sistemli, davamlı və institusional əsaslarla gücləndirilməsinə xidmət edəcək.

Tədbirdə çıxış edən digər natiqlər də vurğulayıblar ki, azərbaycanlı qardaş və bacılar son illər ərzində qardaş türkman toplumunun zəngin tarixi irsinin araşdırılması, türkman kimliyinin və Ana dilinin qorunması, eləcə də gələcək nəsillərə ötürülməsi istiqamətində İraq türkmanlarına mühüm və çoxşaxəli dəstək göstəriblər.

Çıxış edənlər, həmçinin iraqlı tələbələrə, o cümlədən İraq türkman gənclərinə Azərbaycanın ali təhsil müəssisələrində “Heydər Əliyev qrantı” əsasında yüksək səviyyəli təhsil almaq imkanı yaradıldığına görə, Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə ediblər.

O da qeyd olunub ki, “İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası” qeyri-hökumət və qeyri-siyasi platforma kimi fəaliyyət göstərəcək və İraqın aparıcı elmi və ictimai dairələrini təmsil edən türkman ziyalılarını vahid platformada bir araya gətirəcək.

Избранный
159
azertag.az

1Источники