Rusiyanın Baş nazir müavini Aleksey Overçuk bildirib ki, Ermənistan tərəfinin müraciətinə əsasən Rusiya və Ermənistan əlavə dəmir yolu xətlərinin bərpası üzrə danışıqlara başlayacaq. Danışıqların məqsədi Ermənistanın iki qısa dəmir yolu hissəsini bərpa edərək onları həm Azərbaycanın, həm də Türkiyənin dəmir yollarına birləşdirməkdir.
Bərpa ediləcək hissələr Yerasx və Axuryan ərazilərində yerləşir və ümumilikdə təxminən 1,6 km və 12,4 km uzunluğundadır.
Overçuk qeyd edib ki, bu layihə nəticəsində Rusiya birbaşa dəmir yolu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Türkiyə vasitəsilə Aralıq dənizinə çıxış, həmçinin İran üzərindən Fars körfəzi və Hind okeanı istiqamətində çıxış əldə edəcək.
Məlumatda konkret Zəngəzur dəhlizi ifadəsi işlədilmir, yalnız Ermənistanın dəmiryolunun Azərbaycan və Türkiyə ilə birləşdirilməsi barədə danışılır.
Yəni Overçuk bildirir ki, Rusiya Ermənistanın dəmiryolunun bərpası ilə bağlı müraciətinə məqbul cavab verib. Ancaq o, yalnız Türkiyə və Naxçıvan istiqamətində bərpadan danışıb. Burada nəyə görə Zəngəzur dəhlizindən söz getmir?
Aleksey Overçukun açıqlamasında “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməməsi əsasən siyasi və terminoloji həssaslıqla bağlı ola bilər. “Zəngəzur dəhlizi” anlayışı xüsusilə Ermənistan daxilində mübahisəli və həssas məsələ hesab olunur. Rəsmi İrəvan adətən bu termini qəbul etmir və nəqliyyat xətlərinin açılmasını öz suverenliyi çərçivəsində kommunikasiya xətlərinin bərpası kimi təqdim edir.
Overçuk isə daha neytral və texniki ifadələrdən istifadə edərək konkret dəmir yolu hissələrinin bərpasından, onların Azərbaycan və Türkiyə dəmir yollarına birləşdirilməsindən danışıb. Bu yanaşma siyasi mübahisəyə girmədən iqtisadi və nəqliyyat əməkdaşlığını ön plana çıxarmağa xidmət edir. Rusiya üçün əsas məsələ regionda logistika marşrutlarının açılması və özünün nəqliyyat çıxış imkanlarının genişlənməsidir.
Eyni zamanda “dəhliz” sözü beynəlxalq praktikada bəzən xüsusi hüquqi rejim və ya ekstraterritorial status anlamı yarada bilir. Ermənistan isə belə bir statusu qəbul etmədiyini dəfələrlə bildirib. Buna görə də rəsmi açıqlamalarda daha çox “dəmir yolunun bərpası” və ya “nəqliyyat əlaqələrinin açılması” kimi ifadələr seçilir.
Yəni burada söhbət marşrutun mahiyyətindən çox, onun necə adlandırılmasından və hansı siyasi çərçivədə təqdim edilməsindən gedir.
Akif NƏSİRLİ