RU

Paşinyan Karapetyan qarşıdurması: Ermənistan seçkilərində siyasi balansın taleyi..

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Samvel Karapetyanla mübarizədə Nikol Paşinyanın işi heç də asan olmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistanda seçki ərəfəsi müxalif namizəd Samvel Karapetyanın şanslarını dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, Ermənistan siyasi arenasında hazırki siyasi fiqurların mübarizəsi özlərinin gələcəyi üçün ölüm-qalım mahiyyəti daşıyır:

"Karapetyanın Rusiyanın proyekti olduğunu nəzərə  alsaq, onun uğur qazanması ehtimalı heç də az deyil. Heç şübhəsiz, Sarkisyan və Koçaryanın da ona dəstəyi önəmli olacaq. Bura kilsəni də əlavə etsək,  görünən odur ki, Paşinyanın işi asan olmayacaq".

Ekspertə görə, Paşinyanın seçkiyə kimi Azərbaycanla sülh imzalamaq istəyi məhz iyun seçkisində qələbə qazanmağa hesablanıb:

"Erməni baş nazirinin əsas kozırı Azərbaycan və Türkiyə ilə əlaqələrin yaradılması, eyni zamanda, erməni toplumuna sülh vəd etməsidir. Erməni toplumu da daha çox məhz buna meyl edirmiş kimi görünür. Paşinyanın seçkiyə kimi Azərbaycanla sülh imzalamaq istəyi də buna hesablanıb. Görünən odur ki, erməni toplumunun qarşısında çətin seçim dayanır. Gürcüstanın yolunu tutub sivil dünyadan təcrid olmaq, ya da normal yaşayış təklif edən Paşinyanın yanında olmaq".

Politoloq düşünür ki, Paşinyan Saakaşvilinin səhvini təkrarlamayacaq:

"Saakaşvili ölkəsinin demokratik dəyərlərinə çox inanaraq, hakimiyyəti asanlıqla ruspərəstlərə verdi və olanlar da göz önündədir. Paşinyan bundan nəticə çıxardıb".

Müsahibimiz hesab edir ki, Paşinyanın yenidən baş nazir seçilməsi üçün Azərbaycan və Türkiyə də mümkün olan dəstəyi verərsə, o yenidən baş nazir seçiləcək:

"Karapetyanın isə xalqa təklif edəcəyi ciddi heç nə yoxdur. Çünki, əgər onun maliyə imkanları hesabına nəsə edəcəyini fikirləşirlərsə, bu, heç nəyi dəyişmir. Gürcüstandan fərqli olaraq burda erməni toplumunun həyatı maraqları ortada dayanır. Gürcü cəmiyyətinin bir hissəsi Saakaşvilini hansısa məbləğə dəyişdisə, Ermənistan toplumunun alacağı kiçik məbləğ onlara həyatları bahasına başa gələcək. Erməni toplumu ümid edirik ki, bu reallığı yaxşı başa düşür və bu səhvi etməyəcək".

Qeyd edək ki, İrəvanda ev dustaqlığında olan rusiyalı iş adamı, "Taşir" Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan yeni təsis etdiyi "Güclü Ermənistan" partiyası tərəfindən Ermənistanın baş naziri vəzifəsinə namizəd irəli sürülüb. Bu barədə qərar partiyanın fevralın 12-də keçirilən qurultayında elan edilib. Karapetyanın rəhbərlik etdiyi "Bizim Yol" ictimai hərəkatının üzvü Narek Karapetyan bildirib ki, "Ermənistanın baş naziri vəzifəsinə namizədimiz Samvel Karapetyandır". 

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
qaynarinfo.az

1Источники