RU

“Nəriman düşünməsin ki, burda ona asan olacaq” - Amerikadan Axundzadəyə tövsiyə və məsləhətlər gəldi

Aron Zərbailov ad-soyadı azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı.

1961-ci ildə Şabranda dünyaya gəlib, yerli klublarda – “Neftçi”, “Qarabağ”, “İnşaatçı”, “Azəri”, “Avtomobilçi” və “Kəpəz”də oynayıb. 1994-cü ildən ABŞ-də yaşayır. Nəriman Axundzadənin karyerasını bu ölkədə davam etdirəcəyi bəlli olandan sonra soydaşımızın münasibətini öyrənməyi lazım bildik. Hər halda, Amerikanın futboluna bizdən yaxşı bələddi:

“Kolambus Kryu” Amerikanın ən güclü komandalarından biridi. 1996-cı ildə MLS başlayanda mübarizəyə qoşulan 10 komanda arasında yer almışdı. Orda vaxtilə yaxın dostum Vadim Kirillov da qapıçılar üzrə məşqçi kimi işləyib. Kolambus Ohayo ştatının paytaxtıdı. Ştatın daha bir komandası var – “Sinsinnati”. “Kolambus Kryu” ilə “Sinsinnati”nin oyunları derbi sayılır. “Kolambus Kryu”nun azarkeşi çoxdu. Bundan sonra mən də onların sırasına qoşulacam. Nyu-Yorkdakı “Bakı” klubunda Azərbaycandan gələnlər çoxdu. Hamımız Nərimana azarkeşlik edəcəyik. Mən təkcə onun oyununu yox, bütün Azərbaycan çempionatını izləyirəm. Xüsusən də vaxtilə heyətində oynadığım komandaları. “Qarabağ”, “Kəpəz”, “Neftçi”... Gördüyüm qədəri ilə çox perspektivli hücumçudu. Amma düşünməsin ki, burda ona asan olacaq. Mütləq özünü göstərməlidi, bəlkə bir qədər də futbola münasibətini dəyişməlidi. Bu liqada hətta yaşlı dünya çempionları da oynayır. Amerika çempionatı heç də zəif deyil. Düşünməsin ki, Çempionlar Liqasında oynayandan sonra Amerika liqasında oynamaq asandı. Nərimana indidən uğurlar arzulayıram. Düşünürəm ki, şəxsi tanışlıq imkanımız da olacaq. Biz burda Azərbaycan futboluna həsr olunan müxtəlif turnirlər keçiririk. Onun vaxtı, imkanı olsa, fəxri qonaq kimi dəvət edəcəyik. Amma ilk növbədə öz oyunu, Azərbaycan futbolunu dünyaya tanıtmaq haqda düşünməlidi. Siz də sağ olun ki, vətəndən kənarda olan biz futbolçuları unutmursuz”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
24
1
football-plus.az

2Источники