RU

Tramp Minnesotada deportasiya əməliyyatının genişmiqyaslı mərhələsini dayandırır

BAKI, 13 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında kütləvi etirazlara səbəb olmuş deportasiya əməliyyatının genişmiqyaslı mərhələsini dayandırmağa razılaşıb.

Teleqraf xəbər verir ki, "Reuters"in məlumatına görə, bu barədə Ağ Evin sərhəd məsələləri üzrə nümayəndəsi Tom Homan bildirib. Onun sözlərinə görə, yaxın bir həftə ərzində miqrasiya qaydalarına nəzarət edən bir çox agent öz ştatlarına qaytarılacaq.

“Metro Surge” əməliyyatı çərçivəsində yanvarın sonunadək Minnesota ştatına təxminən 3 min silahlı miqrasiya agenti göndərilmişdi. Donald Tramp bu əməliyyatı ABŞ tarixində ən böyük deportasiya əməliyyatı adlandırmışdı. Bu addım Demokratlar Partiyasından olan qubernator Tim Volz və minlərlə yerli sakin tərəfindən kəskin tənqid edilmiş, ştatın iri şəhərlərində etiraz aksiyaları keçirilmişdi.

Yanvar ayında müxtəlif günlərdə Minneapolis şəhərində miqrasiya agentləri etiraz edən və ya əməliyyatları müşahidə edən iki ABŞ vətəndaşını ölümcül şəkildə güllələmişdi. Bu hadisələr Vaşinqtonla Minnesota arasında ciddi siyasi gərginliyə səbəb olmuşdu.

Tom Homan Minneapolis yaxınlığındakı federal idarədə keçirilən mətbuat konfransında bildirib ki, əməliyyatın başa çatdırılmasını təklif edib və prezident bu təklifi qəbul edib. Onun sözlərinə görə, əvvəlcə təxminən 700 agentin geri çəkiləcəyi açıqlanmışdı, indi isə digər ştatlardan göndərilənlərin də əksəriyyəti yaxın günlərdə geri qaytarılacaq. Tramp administrasiyasının məlumatına görə, yanvaradək Minnesota ştatında cəmi 150-yə yaxın miqrasiya agenti çalışırdı.

Homan əlavə edib ki, ABŞ İmmiqrasiya və Gömrük Xidməti ictimai təhlükəsizlik üçün risk yaradan qanunsuz miqrantların müəyyən edilməsi, saxlanılması və ölkədən çıxarılması işini əvvəlki kimi davam etdirəcək.

Donald Tramp əməliyyatın ictimai təhlükəsizlik maraqları naminə aparıldığını deyib və miqrantları tez-tez zorakı cinayətkarlar və ya dələduzlar kimi xarakterizə edib. Qubernator Tim Volz və bir sıra yerli sakinlər isə bu federal əməliyyatların əksinə olaraq təhlükəsizliyi zəiflətdiyini və həm miqrantların, həm də ABŞ vətəndaşlarının konstitusion hüquqlarını pozduğunu bildiriblər.

Tim Volz açıqlamasında bərpa üçün uzun yolun indi başladığını deyib və əlavə edib ki, iqtisadiyyata, məktəblərə və insanların həyatına dəyən ziyanın dərhal aradan qalxması mümkün olmayacaq.

Minneapolis meri Ceykob Frey də əməliyyatın təsirini “fəlakətli” adlandırıb və Tramp administrasiyasını məhkəməyə verdiklərini xatırladıb. Onun sözlərinə görə, şəhər sakinləri etirazları davam etdirəcək.

Qeyd edək ki, bəzi federal hakimlər ABŞ İmmiqrasiya və Gömrük Xidmətini məhkəmə qərarlarına əməl etməməkdə ittiham ediblər. Trampın partiyadaşlarından bəziləri də əməliyyatın gedişini və iki ABŞ vətəndaşının ölümü ilə nəticələnən hadisələrin necə təqdim olunmasını tənqid ediblər. Senat komitəsinin sədri Rend Pol administrasiyanın ilkin açıqlamalarının etibarlılığa zərər vurduğunu bildirib.

Избранный
37
teleqraf.com

1Источники