RU

Saymon Stil: İqlim əməkdaşlığı dünyada sabitliyin mənbəyidir

Bakı, 13 fevral, AZƏRTAC

Geosiyasi gərginlik və çoxtərəfli əməkdaşlığa etimadın zəifləməsi fonunda iqlim sahəsində beynəlxalq əməkdaşlıq təhlükəsizliyi və iqtisadi rifahı təmin edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil İstanbulda keçirilən, Antalyada baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) planlaşdırılmasına həsr olunmuş müzakirələr çərçivəsində mətbuat konfransında çıxışı zamanı bildirib.

Stil COP31-in Sədri təyin edilmiş Türkiyəyə, həmçinin danışıqlar platformasının sədri qismində Avstraliyaya “dəyərli müzakirələrə” görə təşəkkürünü ifadə edib.

İqlim katibliyinin rəhbərinin sözlərinə görə, qarşıdan gələn iqlim konfransı “qeyri-adi dövrdə” keçiriləcək.

“Biz yeni qlobal nizamsızlıq şəraitindəyik. Bu, qeyri-sabitlik və təhlükəsizliyin çatışmadığı bir dövrdür. Güc təzyiqi və ticarət müharibələri dövrüdür. Beynəlxalq əməkdaşlıq anlayışının özü belə hücumlara məruz qalır”, - deyə Stil söyləyib.

Onun sözlərinə görə, məhz iqlim sahəsində tədbirlər sabitlik amilinə çevrilə bilər.

İcraçı katib xatırladıb ki, son onilliklər ərzində iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylər problemin tanınmasından başlayaraq, Paris Sazişi də daxil olmaqla beynəlxalq razılaşmaların əldə olunmasına qədər bir neçə mərhələdən keçib.

“Bu, iqlim böhranının aradan qaldırılmasına gətirib çıxarmasa da, inkişaf istiqamətimizi dəyişdi”, – deyə o bildirib.

Saymon Stil konkret rəqəmlər də təqdim edib. Belə ki, Paris Sazişinin qəbulundan sonrakı on il ərzində təmiz enerji sahəsinə investisiyalar on dəfə artaraq illik 200 milyard dollardan 2 trilyon dollara çatıb. 2025-ci ildə isə bu sahəyə yatırımlar fosil yanacaqlara yönəldilən investisiyaları iki dəfədən çox üstələyib.

Onun sözlərinə görə, indi dünya üçüncü mərhələyə – praktik icra mərhələsinə keçməlidir.

Söhbət Birinci Qlobal Yekun Qiymətləndirmənin nəticələri üzrə əldə olunmuş razılaşmaların icrasından gedir. Bunlara enerji səmərəliliyinin iki dəfə artırılması, 2030-cu ilə qədər təmiz enerji güclərinin üç dəfə artırılması, fosil yanacaqlardan ədalətli keçidin təmin edilməsi, dayanıqlılığın gücləndirilməsi və ən həssas ölkələr və əhali qrupları üçün maliyyələşdirmənin artırılması daxildir.

İcraçı katib xəbərdarlıq edib ki, iqlim sahəsində liderlikdən imtina iqtisadi imkanların itirilməsi demək olacaq.

BMT nümayəndəsi vurğulayıb ki, iqlim əməkdaşlığı abstrakt hədəf deyil, qeyri-sabitliyə praktiki cavabdır. Çünki iqlim dəyişikliyinin nəticələri hər bir insana və bütövlükdə iqtisadiyyata zərər vurur. Bu nəticələrə aclığın artması, məcburi köçkünlük, resurslar uğrunda münaqişələr və vətəndaşları zəruri tələbatlarla təmin edə bilməyən hökumətlərə etimadın azalması daxildir.

Stil xüsusilə inkişaf etməkdə olan ölkələr üçün elektrik enerjisinə çıxışın vacibliyini qeyd edib. Bu ölkələrdə yüz milyonlarla insan hələ də elektrik enerjisinə çıxışdan məhrumdur. Bundan əlavə, iqlim tədbirləri dünya əhalisinin ərzaqla təmin olunması üçün də zəruridir.

Избранный
32
1
azertag.az

2Источники