RU

Əliyev Vens görüşü: Xartiya Azərbaycanı hara aparır?

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bugünlərdə Bakı ilə Vaşinqton arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında siyasi və təhlükəsizlik əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir.

Bu Xartiya Azərbaycanın xarici siyasət balansına necə təsir göstərə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, bu, Azərbaycanın xarici siyasət balansına yalnız müsbət təsir göstərəcək. Çünki bu gün dünyada baş verən qlobal proseslərə nəzər yetirsək və ümumi münaqişələrdə həlledici rola diqqət etsək, əsas təsir gücünün ABŞ-yə məxsus olduğunu görərik. ABŞ-nin Donald Trump administrasiyası qlobal proseslərdə ölkəsinin mövqeyini gücləndirən addımlar atır. Mövcud proseslər də məhz bunu diktə edir:

"Bu baxımdan düşünürəm ki, bu qədər güclü, aktiv və proseslərə real təsir imkanları olan bir dövlətlə strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın xarici siyasət balansına yalnız müsbət təsir göstərəcək.

Təbii ki, onsuz da İkinci Qarabağ müharibəsi Azərbaycanın həm daxili, həm də xarici siyasətinə müsbət təsir edib. Xarici siyasətdə bizimlə hesablaşan, bizi regional və hətta bəzi məqamlarda qlobal aktor kimi qəbul edən dövlətlərin sayı artmaqdadır. Azərbaycanın beynəlxalq təşkilatlardakı rolunu aydın şəkildə görürük. Hətta Azərbaycan üzv olmadığı ali beynəlxalq təşkilatların tədbirlərinə dövlət başçısının fəxri qonaq qismində dəvət olunması bunun göstəricisidir".

Politoloqun sözlərinə görə, Azərbaycanın müharibə təcrübəsindən yararlanmaq istəyən bir çox dövlətin əməkdaşlıq niyyətində olduğunu müşahidə edirik. Antiterror tədbirləri ilə bağlı ortaya qoyulan təcrübə də beynəlxalq maraq doğurur və bu sahədə əməkdaşlıq istəkləri açıq şəkildə ifadə olunur. Ümumilikdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur:

"Əvvəlki dövrlərdə də ABŞ Azərbaycanın bu uğurlarını və təcrübəsini görürdü. Lakin müəyyən qüvvələr bu prosesə mane olmağa çalışırdı və nəticədə Azərbaycana münasibətdə adekvat yanaşma müşahidə olunmurdu.

Hazırkı administrasiya isə bu tendensiyanı kənara qoyub. ABŞ-nin vitse-prezidenti JD Vance Bakıya səfəri zamanı əvvəlki administrasiyanın siyasətini tənqid edərək onu “anti-Azərbaycan siyasəti” kimi xarakterizə etmişdi".

Xəyal Bəşirov: Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur

Müsahibimiz bildirib ki, bu gün Azərbaycanın Cənubi Qafqazda və ətraf regionlarda mövqeyi açıq şəkildə görünür. Dünyada baş verən proseslərlə bağlı müzakirələrdə ölkəmizin iştirakı və dəvət olunması da bunu təsdiqləyir:

"Bir sıra amillər göstərir ki, bu proseslər Azərbaycanın rolunun artmasına və mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. Bu baxımdan strateji tərəfdaşlıq xartiyası da Azərbaycanın xarici siyasət uğurlarında mühüm rol oynayacaq, həm Azərbaycanın, həm də ABŞ-nin maraqlarına xidmət edəcək və ölkəmizin Cənubi Qafqazdan kənarda da bir sıra proseslərdə aktivliyini daha da artıracaq".

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
bakivaxti.az

2Источники