RU

Dünyada uşaqlar ağır hüquq pozuntuları ilə üzləşirlər

Dünyada uşaqlar ağır hüquq pozuntuları ilə üzləşirlər

Dünya miqyasında uşaqlar silahlı münaqişələrdə nəinki cəbhədə döyüşməyə məcbur edilir, həm də casusluq, rabitə fəaliyyətləri və cinsi istismar kimi müxtəlif formalarda sistematik şəkildə istismar olunurlar.

Silahlı münaqişələrdə uşaqlardan istifadə edilməsi təkcə fərdi qurbanlıqla məhdudlaşmır, həm də cəmiyyətlərin qalıcı sülh və sabitliyini təhdid edən bir problem kimi ön plana çıxır. Beynəlxalq humanitar hüquq və Uşaq Hüquqları Konvensiyası uşaqların münaqişə mühitində istismarını birmənalı şəkildə qadağan etsə də, sahədəki təcrübələr hüquqi çərçivə ilə real vəziyyət arasındakı dərin uçurumu nümayiş etdirir.

12 fevral - Uşaq Əsgərlərdən İstifadəyə Qarşı Beynəlxalq Gün çərçivəsində uşaqların silahlı münaqişələrdə müxtəlif formalarda istifadəsinə dair Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatları toplanıb. Fərq qoyulmadan həyata keçirilən hücumlar, atəşkəs və sülh sazişlərinə məhəl qoyulmaması ilə dərinləşən humanitar böhranlar silahlı münaqişələrin ən ağır yükünü uşaqların daşımasına səbəb olur.

Uşaqlara qarşı hüquq pozuntuları 25% artıb

BMT Baş katibliyinin Silahlı Münaqişələrdə Uşaqlar üzrə Xüsusi Nümayəndəliyi tərəfindən hazırlanan və 23 dekabr 2025-ci ildə dərc olunan hesablata görə, qlobal miqyasda uşaqlara qarşı ağır hüquq pozuntuları 2024-cü ildə əvvəlki illə müqayisədə 25% artaraq rekord səviyyəyə çatıb.

BMT-yə görə, silahlı qüvvə və ya qrupla əlaqələndirilən uşaq tərifi 18 yaşınadək fərdlərin təkcə döyüşlərdə birbaşa iştirakını deyil, həm də hərbi strukturlar tərəfindən istənilən vəzifədə istifadəsini əhatə edir. Məlumatlar göstərir ki, uşaqlar aşpazlıqdan mesaj daşıyıcılığına, casusluqdan cinsi məqsədlərə qədər müxtəlif formalarda sistematik istismara məruz qalırlar.

Uşaqlar birdən çox ağır pozuntu ilə qarşılaşırlar

2024-cü ildə dövlət qüvvələri və qeyri-dövlət silahlı qruplaşmaları tərəfindən 7402 uşaq birbaşa silahlı münaqişələrə cəlb edilib. Bu uşaqların mühüm bir hissəsi həm də qaçırılma, yaralanma və cinsi zorakılıq kimi birdən çox ağır hüquq pozuntusuna məruz qalıb.

BMT-nin qeydləri sübut edir ki, bu uşaqların mülki həyata yenidən qazandırılması uzunmüddətli və çoxşaxəli dəstək tələb edir.

Cinsi zorakılıq şüurlu və sistematik müharibə metodudur

Cinsi zorakılığın silahlı münaqişələrdə bilərəkdən tətbiq edilən sistematik müharibə metodu olduğu müşahidə edilir. Uşaqlara qarşı zorlama və digər cinsi zorakılıq növlərində 2024-cü ildə əvvəlki illə müqayisədə 35% artım qeydə alınıb. Bu metodun cəmiyyəti qorxutmaq, əhalini yerindən-yurdundan etmək və nəzarəti təmin etmək məqsədi daşıdığına diqqət çəkilir.

Hüquq pozuntularının intensivləşdiyi bölgələr

Uşaqlara qarşı ən çox ağır hüquq pozuntusu faktı aşağıdakı ərazilərdə aşkar edilib:

İsrail və Fələstin: 8554Konqo Demokratik Respublikası: 4043Somali: 2568Nigeriya: 2436Haiti: 2269

Pozuntuların ən yüksək artım göstərdiyi ölkələr arasında Livan (545%), Mozambik (525%) və Haiti (490%) yer alır.

Suriyada uşaqların silahlı münaqişələrdə istifadə olunması təkcə şahid ifadələri ilə deyil, BMT və ABŞ Dövlət Departamenti başda olmaqla beynəlxalq qurumların hesabatları ilə sənədləşdirilib. ABŞ Dövlət Departamentinin 2024-cü il İnsan Alveri Hesabatında YPG/SDG terror təşkilatının oğlan və qız uşaqlarını döyüşlərdə istifadə etdiyi qeyd olunub.

BMT-nin 2023-cü ilə dair hesabatında isə Suriyada YPG/SDG və ona bağlı strukturların 231 uşağı zorla silahlı sıralarına qatdığı, həmçinin məktəb və xəstəxanaların hərbi məqsədlər üçün istifadə edildiyi vurğulanıb.

Cəzasızlıq mühiti davam edir

Dövlətlər və silahlı qruplar tərəfindən uşaqlara qarşı törədilən cinayətlərin böyük hissəsi cəzasız qalmaqda davam edir. Bu vəziyyət uşaqların qorunmasına yönəlmiş beynəlxalq mexanizmlərin təsirini zəiflədir.

Избранный
25
afn.az

1Источники