Cənubi Qafqazda siyasi reallıqlar sürətlə dəyişir. Tarixi Vaşinqton razılaşmalarından sonra bölgədə Donald Trampın rəhbərlik etdiyi ABŞ-nin rolu və çəkisi sürətlə artmaqdadır. Sülh prosesinin məntiqi yekunu olaraq Azərbaycan və Ermənistan son altı ayda, demək olar ki, sülh şəraitində yaşayır. Bu prosesdə Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət özünün bəhrəsini verməkdədir. ABŞ isə Ağ ev rəhbərinin altında imzası olan sənədlərin tək kağız üzərində qalmaması, reallığı çevrilməsi üçün ciddi addımlar atır. Vitse-prezident Cey. Di. Vensin Ermənistan və Azərbaycana səfəri, buradan dünyaya verilən mesajlar artıq hər kəsin yeni reallıqlarla barışmalı olduğuna dair bəyanatlar kimi dəyərləndirilir.
Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzalayıblar.
Fevralın 10-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər. Səfəri əhəmiyyəti, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspektivləri və mövcud durum barədə tərəflərin bəyanatları xüsusilə diqqət çəkir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir:
“Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.
Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”.
Dövlət başçısı qeyd edib ki, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq:
“Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.
Vitse-prezident Cey. Di. Vens qeyd edib ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq:
“Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əmin-amanlıq yaranır və bir-biri ilə mübarizə aparmır.
Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bu gün mən Ermənistanda idim. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ Prezidenti xarici siyasətimizi qurur. Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!
Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-nin iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar”.
ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir.
Bununla bağlı məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da da öz əksini tapıb. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
ABŞ-nin Saratoqa Fondunun prezidenti Qlen Hovard bu qənaətdədir ki, vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri həqiqətən strateji baxımdan vacibdir.
Onun sözlərinə görə, səfər Azərbaycanın ABŞ-dəki mövqeyinin dəyişdiyini, münasibətlərin əlaqələrdən strateji tərəfdaşlığa keçdiyini göstərir.
“Bu isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir. ABŞ Azərbaycana bərabərhüquqlu dövlət kimi yanaşır və buna görə də artıq Ermənistanla münasibətlərə prioritet vermir, əksinə, Azərbaycanı əvvəlkindən daha yüksək səviyyəyə qoyur. Beləliklə, ABŞ artıq Azərbaycana yanaşmasında balanslıdır. Bu, həmçinin göstərir ki, TRIPP dəhlizinin gələcəyi də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün vacibdir”, - deyə ekspert əlavə edib.
Hovard bildirib ki, ABŞ-nin indi Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yanaşması Azərbaycan üçün çox vacibdir və iki ölkənin gələcəyi üçün böyük perspektivlər açır.
Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib ki, ABŞ və Azərbaycan arasında imzalanmış Xartiya ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur.
“Vensin Ermənistana səfəri Ermənistanı Rusiyanın iqtisadi dominantlığından çıxarmaq səylərinin davamı kimi görünürdü, ancaq Azərbaycanla bağlı gündəlik regionumuzun nəqliyyat, enerji və informasiya dəhlizləri ilə bağlı gələcək baxışını əks etdirir”, - deyə Nigar Arpadarai vurğulayıb.
Deputat bildirib ki, Xartiyada diqqətçəkən bir neçə məqam var:
“Xartiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün yol açır. Bu, 907-ci düzəlişin texniki olaraq hələ də ləğv edilmədiyi şəraitdə maraqlıdır. Görünür, ABŞ administrasiyası hesab edir ki, həmin düzəliş artıq öz aktuallığını itirib. Həmçinin ABŞ Orta Dəhlizin əhəmiyyətini təsdiqləyir. Üstəlik, onu interkonnektorlar da daxil olmaqla bütün kommunikasiya növləri kimi anlayır. Xartiyanın mətnində konkret olaraq hansı interkonnektorların nəzərdə tutulduğu açıqlanmasa da, çox güman ki, burada Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın boru kəməri infrastrukturunun birləşdirilməsi də nəzərdə tutulur.
Nigar Arpadarai əlavə edib ki, bu, təəccüblü deyil, çünki TRIPP dəhlizi yalnız regional dəhlizlər məntiqi çərçivəsində iqtisadi məna kəsb edir və həmin dəhlizlərdə mərkəzi mövqeni isə Azərbaycan tutur.
İsrailli politoloq Yuri Boçarov qeyd edir ki, ABŞ və İsrail ilə münasibətlərin paralel inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərini obyektiv şəkildə gücləndirərək ölkənin tranzit, enerji, süni intellekt və yüksək texnologiyalar sahələrində strateji çəkisini artırır. Burada söhbət əsasən hərbi deyil, iqtisadi və texnoloji müstəvidə gedən proseslərdən gedir.
O, qeyd edib ki, Azərbaycanın çoxvektorlu xarici siyasəti, xüsusilə ABŞ və İsrail ilə qurulan əməkdaşlıq modeli, uzunmüddətli perspektivdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər. Onun fikrincə, bu siyasət regionu geosiyasi qarşıdurma məkanı kimi deyil, qarşılıqlı faydaya əsaslanan praqmatik əməkdaşlıq sahəsi kimi formalaşdırmağa yönəlib.
Politoloqun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası texnoloji, iqtisadi və təhlükəsizlik sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir:
“Paralel olaraq, Azərbaycan ilə İsrail arasında rəqəmsal infrastruktur, innovasiya, kadr hazırlığı və tətbiqi texnoloji həllər sahəsində qurulan uzunmüddətli əməkdaşlıq da sistemli xarakter daşıyır. Bu cür əməkdaşlıq formatı təkcə ayrı-ayrı layihələrlə məhdudlaşmır, əksinə, yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və tranzit imkanlarının genişlənməsi hesabına iqtisadi maraqların uzlaşmasına xidmət edir. Bu isə regionda sabitliyə maraqlı tərəflərin sayını artırır”.
Y.Boçarovun fikrincə, Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolun Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, balanslı və uzunmüddətli strateji xəttinin məntiqi nəticəsidir. “Bu siyasətin əsas məqsədi hər hansı tərəfə qarşı yönəlmək deyil, Azərbaycanın öz inkişaf platformasını möhkəmləndirmək və ölkənin gələcək iqtisadi və texnoloji trayektoriyasını təmin etməkdir. Azərbaycanın həyata keçirdiyi layihələr güclü institusional çərçivə və siyasi iradə ilə dəstəkləndiyi üçün, xarici reaksiyalar prosesin mahiyyətini dəyişmir. Real faydaya, uzunmüddətli baxışa və davamlı siyasi iradəyə əsaslanan təşəbbüslər regional sabitlik və inkişaf üçün mühüm rol oynayır”, - deyə politoloq vurğulayıb.
Ləman Əliyeva