RU

Evin yeganə övladının hərbi xidmət zamanı ölümü: anası onun özünə qəsd etməsinə inanmır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə sakini Gülgəz Cabbarova hərbi xidmət zamanı dünyasını dəyişmiş yeganə övladı Hüseyn Hüseynovun ölümü ilə bağlı istintaqın gedişindən narazıdır.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonundakı N saylı hərbi hissəsində xidmət edən Hüseyn Hüseynov ötən il noyabrın 15-də dünyasını dəyişib. Rəsmi məlumata görə, əsgər intihar edib. Onun ölümü ilə əlaqədar Hərbi Prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü (tabeliyində olan hərbi qulluqçulara qarşı zorakılıq – təkrar törədildikdə və ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Gülgəz Cabbarova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, oğlunun intihar etməsinə inanmır: “Mən oğlumu 3 aylığından tək böyütmüşəm. O bilirdi ki, mən onunla nəfəs alıram. Yeganə övladımdır. Ən azı, mənə görə də olsa, özünü öldürməzdi. Deyirlər ki, özünü avtomatla vurub. Lakin silahın tətiyində əl izi yoxdur. Bu, necə ola bilər?”

Ana Hərbi Prokurorluqda oğlunun ölümü ilə bağlı istintaqı aparan müstəntiqin dəyişməsini, təqsirləndirilən Mahmud Səfəralıyevə qarşı irəli sürülmüş ittihamların ağırlaşdırılmasını istəyir. Onun sözlərinə görə, oğlu ilə birlikdə xidmət edən başqa əsgərlər də hadisədən sonra onunla əlaqə saxlayaraq, Mahmud Səfəralıyevin hərbi qulluqçularlarla həddindən artıq pis davrandığını deyiblər: “Niyə bütün bunlara nəzarət edən olmayıb? O kimdir ki, əsgərləri söysün, döysün?”

Qeyd edək ki, Hüseyn Hüseynovun ölümündən sonra tabeliyindəki əsgərlərə qarşı zorakı hərəkətlərə yol verməsi ilə əlaqədar kapitan Mahmud Səfəralıyevin haqqında cinayət işi başlanıb və o, saxlanılıb. Onun haqqında həbs qətimkan tədbiri seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə təqdimat verilsə də, məhkəmə təqdimatı təmin etməyib. Prokurorluq bu qərardan apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi isə təqdimatı təmin edib və Mahmud Səfəralıyev haqqında həbs qətimkan tədbiri seçilib.

Hazırda Hərbi Prokurorluqda Mahmud Səfəralıyev haqqında cinayət işi üzrə istintaq davam edir. Onun ittiham olunduğu maddələrin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası var.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
bizimyol.info

1Источники