RU

Kritik tarix açıqlandı: 17-18 fevral danışıqları müharibənin taleyini həll edəcək?

Fevralın 17-18-də keçirilməsi planlaşdırılan növbəti sülh danışıqları Rusiya-Ukrayna müharibəsinin taleyi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Xüsusilə ərazi məsələsinin əsas müzakirə mövzusu olması prosesin nə qədər çətin və ziddiyyətli olduğunu göstərir. Tərəflərin mövqeləri kəskin şəkildə fərqləndiyi bir vaxtda bu görüşün real nəticə verib-verməyəcəyi əsas sual olaraq qalır.

Siyasi analitik Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın təşəbbüsü ilə yenidən aktivləşən danışıqlar prosesi müəyyən nikbinlik yaratsa da, tərəflər üçün əsas prinsipial məsələ olan ərazi problemi hələ də həllini tapmayıb:

“Bu səbəbdən yaxın perspektivdə yekun razılaşmanın əldə olunacağına dair gözləntilər məhduddur. Vaşinqton daha əvvəl tərəflərə geniş formatlı plan təqdim etmişdi. Həmin plan ilkin mərhələdə Rusiyanın mövqeyini daha çox nəzərə alırdı. Sonradan sənədə dəyişikliklər edilərək Ukraynanın təhlükəsizlik tələbləri də müəyyən dərəcədə əksini tapdı və ABŞ-Ukrayna təmaslarında planın böyük hissəsinin razılaşdırıldığı bildirildi. Xüsusilə Ukraynanın təhlükəsizlik təminatları məsələsi əsas şərtlərdən biri kimi önə çəkilir. Lakin bu təminatların konkret mexanizmi hələ də müzakirə mövzusudur.

Rusiya düzəliş edilmiş plana açıq şəkildə qarşı çıxmasa da, bəzi məqamlarla bağlı narazılığını gizlətmir. Burada təkcə ərazi məsələsi deyil, həm də Ukraynanın gələcəkdə NATO-ya üzvlük perspektivi mühüm rol oynayır. Əvvəlki variantda alyansın genişlənməməsi daha sərt formada vurğulanırdısa, son redaksiyada bu məsələ NATO üzvlərinin qərarına bağlı mövqe kimi təqdim olunur. Bu dəyişiklik Moskvanın etirazlarına səbəb olur”.

Nərimanlının fikrincə, Rusiya üçün əsas hədəf ərazi məsələsində üstünlük qazanmaqdır:

“Moskva Donbasda nəzarətə götürmədiyi, lakin Ukrayna ordusunun nəzarətində qalan ərazilərin də özünə verilməsini və Ukrayna qoşunlarının geri çəkilməsini tələb edir. Kiyev isə bu tələbi qəbul etməyə hazır deyil. ABŞ kompromis variant kimi həmin ərazilərdə azad iqtisadi zona yaradılması təklifini irəli sürüb. Bu modelə əsasən, Ukrayna qoşunları bölgədən çıxarılır, lakin ərazi Rusiyaya verilmədən xüsusi iqtisadi rejim tətbiq olunur. Bununla belə, bu təşəbbüs nə Ukraynanın, nə də Rusiyanın tam maraqlarına cavab verir. Tərəflər maksimalist mövqelərini qorumağa çalışsalar da, ABŞ-ın vasitəçilik rolu müəyyən manevr imkanları yaradır.

Yekun sülh sazişinin qısa müddətdə imzalanması ehtimalı zəifdir. Zelenskinin bəyanatlarından belə görünür ki, Vaşinqton prosesi sürətləndirərək yay aylarına qədər müharibəni siyasi razılaşma ilə yekunlaşdırmaq istəyir. Lakin bunun reallaşması danışıqların gedişindən və tərəflərin kompromisə hazırlıq səviyyəsindən asılı olacaq.

Eyni zamanda, diplomatik proseslə paralel olaraq cəbhə xəttində vəziyyətin gərginləşməsi istisna edilmir. Artıq Rusiyanın genişmiqyaslı hücum cəhdləri barədə məlumatlar yayılır. Moskva danışıqlar masasında mövqeyini gücləndirmək üçün faktiki nəzarət etdiyi əraziləri artırmağa çalışır. Bu isə diplomatik təmaslarla hərbi əməliyyatların paralel şəkildə davam edəcəyi ssenarisini daha real edir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники