RU

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər yetirməkdə ittiham olunan Nadim Səfərovun (ad və soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, müttəhimə şərti cəza təyin olunub.

İstintaq sənədlərinə görə, hadisə ötən il Qusar rayonunun Yasab kəndi ərazisində baş verib.

Kənd sakini, yetkinlik yaşına çatmayan Nadim Səfərov həmkəndlisi, 1997-ci il təvəllüdlü zərərçəkmiş Davud Həşimovun avtomobilində olarkən tərəflər arasında şəxsi zəmində mübahisə yaranıb. Münaqişənin yaranmasına zərərçəkənin müttəhimin ünvanına nalayiq sözlər işlətməsi səbəb olub.

İttiham aktına əsasən, mübahisə zamanı təqsirləndirilən şəxs üzərində olan cib bıçağı ilə Davudun sinə nahiyəsinə bir zərbə endirib. Ekspertiza zamanı həmin xəsarət həyat üçün təhlükəli olan ağır zərər kimi qiymətləndirilib.

N.Səfərov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Nadim Səfərov irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, Davudla qonşu olublar və aralarında əvvəllər ciddi düşmənçilik olmasa da, bəzi xoşagəlməz söz-söhbətlər yaşanıb. Təqsirləndirilən şəxs hadisə günü zərərçəkmişin onun və ailəsinin barəsində təhqiramiz ifadələr işlətdiyini eşidib və məsələyə aydınlıq gətirmək üçün onunla görüşmək istəyib.

Nadimin ifadəsinə görə, avtomobildə söhbət edərkən aralarında gərginlik yaranıb. Mübahisə böyüdükdən sonra o, üzərindəki bıçaqla qarşı tərəfə bir zərbə vurub. Gənc bildirib ki, hadisədən dərhal sonra polisə təslim olub. O, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş maddi ziyanı tam ödədiyini məhkəmənin diqqətinə çatdırıb, yüngül cəza təyin olunmasını xahiş edib. (Pravda.az)

Bizim.Media

Избранный
15
1
bizim.media

2Источники