RU

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayınlandı



Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti” adlı monoqrafiyası nəşr olunub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə yayınlanmış kitabın elmi redaktoru professor Vaqif Sultanlı, rəyçiləri isə professor Sənan Səlcuq və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlidir.

Müəllifin uzun illik elmi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələrində XIX əsr Qarabağ ədəbi-mədəni mühitini fоrmalaşdıran sоsial-siyasi və kulturоlоji amillər dəyərləndirilmiş, ədəbi məclislərin pоеziyanın inkişafında rоlu, təzkirə və ədəbi tоpluların yaranması, divan ədəbiyyatı ənənələri və epik şeirin əsas inkişaf xüsusiyyətləri, yenilik axtarışları, poeziyada ictimai motivlərin və realist inikas çalarlarının güclənməsi, folklor üslubuna qayıdış, maarifçi-rеalist düşüncənin təşəkkülü, satiranın bədii ifadə imkanları kimi məsələlər sistemli şəkildə təhlil obyektinə çevrilmişdir.

Kitaba yazdığı “Qarabağın poetik mənzərəsi” adlı ön sözdə monoqrafiyanın önəmini vurğulayan professor Vaqif Sultanlı daha çox diqqəti mövzunun aktuallığına yönəldir: “XIX yüzildə Qarabağ təkcə siyasi-tarixi hadisələrin qovşağına deyil, həmçinin söz sənətinin, poetik zövqün, estetik axtarışların canlı mərkəzinə çevril­mişdir. Bu dönəmdə Qarabağ mühiti klassik Şərq ədəbi ənənələri ilə yeni dövrün sosial-mədəni çağırışlarının qo­vuş­duğu bir məkan rolunu oynamış və bu qovuşma son­rakı yüzildə Azər­baycan ədə­biyyatının ideya-bədii istiqa­mətlərini mü­əy­yən­ləşdirən əsas amillərdən biri olmuşdur. Bu mənada XIX yüzil Qarabağ ədəbi mühiti milli nəzəri-kulturoloji dü­şüncənin formalaş­ma­sında mühüm bir mər­hələni təmsil edir”.

Monoqrafiyada XIX yüzil Qarabağ ədəbi mühiti poeziya fonunda araşdırılsa da, müəllif yeri gəldikcə digər janrları təhlilə çəkmiş, bütövlükdə bəhs olunan dövrün ədəbi-mədəni mənzərəsini yaratmağa çalışmışdır.

İradə SARIYEVA

Избранный
25
3
baki-xeber.com

4Источники