ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Xartiyanın mətnində deyilir.
Əməkdaşlığın birinci istiqaməti regional əlaqəlilik və enerji təhlükəsizliyi müəyyən edilib. Xüsusilə Bakı və Vaşinqton Orta Dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional bağlantıya dəstək məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Maraqlıdır, ABŞ-nin Orta Dəhlizə marağı Rusiyaya və Çinə qarşı alternativ marşrut yaratmaq məqsədi daşıyırmı?
Bu əməkdaşlıq regionda Türkiyənin rolunu gücləndirəcək, yoxsa balanslayacaq?
Sözügedən məsələ ilə bağlı Gununsesi.info -ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.
O bildirib ki, Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətləri yeni mərhələyə çıxarmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi çəkisini də artırır:
“Sənəddə əməkdaşlığın beş əsas istiqaməti müəyyənləşdirilsə də, birinci və ən strateji xətt regional əlaqəlilik və enerji təhlükəsizliyidir. Xüsusilə Orta Dəhlizin inkişafına birgə dəstək niyyəti göstərir ki, məsələ təkcə iqtisadi əməkdaşlıq deyil, daha geniş geosiyasi konfiqurasiyanın formalaşdırılmasıdır. Orta Dəhliz – Trans-Xəzər marşrutu – Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edən alternativ ticarət arteriyasıdır”.
Akimova eyni zamanda deyib:
“Son illərdə Rusiya üzərindən keçən Şimal marşrutunun sanksiyalar və müharibə səbəbindən riskli hala gəlməsi, eyni zamanda Çinlə Qərb arasında artan strateji rəqabət bu xəttin əhəmiyyətini kəskin şəkildə artırıb. ABŞ-nin Xartiyada Orta Dəhlizə xüsusi vurğu etməsi təsadüfi deyil. Vaşinqton üçün bu marşrut həm Rusiyanı bypass edən alternativ logistika xətti, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə paralel və balanslaşdırıcı mexanizmdir. Bu maraq açıq qarşıdurma ritorikası ilə ifadə olunmur, lakin strateji məntiq aydındır: Qərb üçün etibarlı, təhlükəsiz və siyasi riskləri minimum olan ticarət və enerji dəhlizlərinə ehtiyac var. Azərbaycan isə coğrafi mövqeyi, enerji resursları və infrastruktur imkanları ilə bu xəttin mərkəzi həlqəsidir. Bakı artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir və onların 11-i NATO üzvüdür. Bu fakt Orta Dəhlizin sadəcə yük daşımaları deyil, enerji və data bağlantıları baxımından da əhəmiyyətini artırır”.
Parlamentari qeyd edib ki, ABŞ-nin Orta Dəhlizə marağı Rusiyaya və Çinə qarşı alternativ yaratmaq məqsədi daşıyırmı sualına cavab həm bəli, həm də daha genişdir:
“Bəli, çünki qlobal güclər rəqabətində marşrutlar strateji alətdir. Lakin bu, yalnız qarşıdurma məntiqi deyil. Eyni zamanda Qərbin təchizat zəncirlərini şaxələndirməsi, enerji təhlükəsizliyini möhkəmləndirməsi və Avropa bazarını daha dayanıqlı etmək strategiyasıdır. Orta Dəhliz Vaşinqton üçün geoiqtisadi sabitlik platformasıdır. Bu əməkdaşlığın Türkiyənin roluna təsiri məsələsi də diqqətəlayiqdir. Türkiyə Orta Dəhlizin Avropaya açılan qapısıdır və artıq illərdir ki, bu marşrutun təşviqində fəal rol oynayır. Bakı–Ankara strateji müttəfiqliyi fonunda ABŞ-nin layihəyə qoşulması Türkiyənin mövqeyini zəiflətmir, əksinə, onu daha geniş beynəlxalq çərçivəyə daşıyır. Vaşinqtonun iştirakı marşrutun maliyyə və siyasi təminatını gücləndirir, bu isə Ankaranın tranzit və logistika mərkəzi kimi rolunu möhkəmləndirir”.
O son olaraq bildirib:
“Eyni zamanda ABŞ-nin prosesdə iştirakı regionda balans mexanizmi də yaradır. Türkiyə artıq Cənubi Qafqazda əsas oyunçulardan biridir. Vaşinqtonun institusional iştirakı layihəni təkcə Ankara–Bakı tandemi çərçivəsindən çıxarıb daha geniş çoxtərəfli platformaya çevirir. Bu isə həm investisiya axınlarını artırır, həm də layihənin siyasi risklərini azaldır. Nəticədə Türkiyənin rolu balanslaşdırılmır, əksinə beynəlxalq legitimlik və maliyyə dayaqları ilə gücləndirilir. Strateji Tərəfdaşlıq Xartiyası göstərir ki, Azərbaycan artıq regional layihələrin obyektinə yox, subyektinə çevrilib. Bakı həm enerji təminatçısı, həm tranzit qovşağı, həm də rəqəmsal və logistika platforması kimi çıxış edir. ABŞ üçün bu, Cənubi Qafqazda etibarlı tərəfdaş deməkdir. Azərbaycan üçün isə qlobal güc mərkəzi ilə institusional strateji əməkdaşlıq statusudur. Sonda onu demək istəyirəm ki, Orta Dəhliz ətrafında formalaşan Bakı–Vaşinqton xətti təkcə iqtisadi layihə deyil. Bu, qlobal güc balansının dəyişdiyi bir dövrdə yeni geoiqtisadi arxitekturanın elementidir. ABŞ burada alternativ marşrut qurur, Azərbaycan isə həmin marşrutun mərkəzi sütununa çevrilir. Türkiyə isə bu xəttin Avropaya açılan qapısı olaraq daha böyük geosiyasi dəyər qazanır. Cənubi Qafqaz artıq periferik məkan deyil – böyük güclərin strateji hesablarının kəsişdiyi əsas platformalardan birinə çevrilir”.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.