RU

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya çap olunub

Bakı, 12 fevral, AZƏRTAC

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllimi Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti” adlı monoqrafiyası nəşr olunub.

AZƏRTAC xəbər verir ki, nəfis şəkildə çap olunun kitabın elmi redaktoru professor Vaqif Sultanlı, rəyçiləri isə professor Sənan Səlcuq və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlidir.

Müəllifin uzun illik elmi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələrində XIX əsr Qarabağ ədəbi-mədəni mühitini fоrmalaşdıran sоsial-siyasi və kulturоlоji amillər dəyərləndirilib, ədəbi məclislərin poeziyanın inkişafında rolu, təzkirə və ədəbi tоpluların yaranması, divan ədəbiyyatı ənənələri və epik şeirin əsas inkişaf xüsusiyyətləri, yenilik axtarışları, poeziyada ictimai motivlərin və realist inikas çalarlarının güclənməsi, folklor üslubuna qayıdış, maarifçi-rеalist düşüncənin təşəkkülü, satiranın bədii ifadə imkanları kimi məsələlər sistemli şəkildə təhlil obyektinə çevrilmişdir.

Kitaba yazdığı “Qarabağın poetik mənzərəsi” adlı “Ön söz”də monoqrafiyanın önəmini vurğulayan professor Vaqif Sultanlı daha çox diqqəti mövzunun aktuallığına yönəldir: “XIX yüzildə Qarabağ təkcə siyasi-tarixi hadisələrin qovşağına deyil, həmçinin söz sənətinin, poetik zövqün, estetik axtarışların canlı mərkəzinə çevrilmişdir. Bu dönəmdə Qarabağ mühiti klassik Şərq ədəbi ənənələri ilə yeni dövrün sosial-mədəni çağırışlarının qovuşduğu bir məkan rolunu oynamış və bu qovuşma sonrakı yüzildə Azərbaycan ədəbiyyatının ideya-bədii istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri olmuşdur. Bu mənada XIX yüzil Qarabağ ədəbi mühiti milli nəzəri-kulturoloji düşüncənin formalaşmasında mühüm bir mərhələni təmsil edir”.

Monoqrafiyada XIX əsr Qarabağ ədəbi mühiti poeziya fonunda araşdırılsa da, müəllif yeri gəldikcə digər janrları təhlil edib, bütövlükdə bəhs olunan dövrün ədəbi-mədəni mənzərəsini yaratmağa çalışıb.

Избранный
34
3
azertag.az

4Источники