Ukraynanın "Veres" klubundan "Zirə"yə keçən türkiyəli futbolçu Eren Aydınla bağlı qalmaqal davam edir.

Xarici KİV-in yaydığı məlumata görə, 22 yaşlı hücumçu 2028-ci ilin iyun ayına qədər müqaviləsinin müddəti olmasına baxmayaraq Ukraynanın "Veres" klubunun düşərgəsini icazəsiz tərk edib və qısa müddətdən sonra "Zirə"yə keçidi açıqlanıb.

Transferin gerçəkləşməsində iştirak edən idman hüquqşünası Fərid Haqverdiyev Offsideplus.az saytına açıqlamasında bildirib ki, proses qanunauyğun şəkildə aparılıb:

“Oyunçu əvvəlki klubu ilə müqaviləyə birtərəfli qaydada xitam verib. Bundan bir neçə gün sonra “Zirə”ilə müqavilə bağlayıb. Yəni bütün proseslər oyunçu klubu ilə yolları ayırdıqdan sonra aparılıb”.

Qeyd edək ki, Eren Aydın 2025-ci ilin payızında "Qalatasaray"dan "Veres"ə transfer olunmuşdu.