RU

Həsənov baş məşqçi pistundan ayrıldığını təsdiqlədi

Elvin Həsənov 2-ci Liqa təmsilçisi "Şəki Siti"nin baş məşqçi postundan ayrıldığını təsdiqləyib.

O, Fanat.Az-ın bölgə təmsilçisi ilə vidalaşıb-vidalaşmadığı barədə sualını belə cavablandırıb:

"Yollarımızı ayırmışıq. Komandanın büdcəsi azaldılıb. Mövsümün qalan hissəsinə dövlətdən ayrılan maliyyə ilə davam edəcəklər. Hədəflərimiz üst-üstə düşmədiyi üçün vidalaşmağı uyğun saydıq".

Həsənov hazırda başqa təklif almadığını da açıqlayıb: "Hazırda başqa təklifim yoxdur. Yəni "Şəki Siti"dən hansısa təklifə görə yox, dediyim səbəblərdən ayrılmışam".

"Şəki Siti" hazırda fasilə dönəmində olan 2-ci Liqanın turnir cədvəlində "Quba" ilə 4-5-ci yerləri bölüşür. Hər iki komandanın 25 xalı var. Şərikli liderlər -  təqibçisini digər göstəricilərdə üstələyən "Qaradağ Lökbatan" və "Xankəndi" hərəyə 39, 3-cü sıradakı "Quba" 32 xal toplayıb.

Sözügedən məşqçi cari mövsümün əvvəlində "Quba"dan ayrılaraq "Şəki Siti"dən göndərilən Bəhmən Həsənovu əvəzləmişdi. Sonradan klubda maliyyə böhranı yaranmış, sponsor "Flyblast"ın verilən öhdəlikləri lazımınca yerinə yetirə bilməməsi narazılıqlar yaratmışdı. İş o yerə gəlmişdi ki, "Şəki" məşq etmir, klub stadiona borclu olduğuna görə  komanda "Rekord Arena"ya buraxılmırdı. Sponsor şirkətin rəhbəri tərəfindən verilən vədlər isə vəd olaraq qalırdı. Klub idarəçilərinin, "Flyblast"ın direktorunun və Şəkinin icra başçısının Futbolun İnkişaf Fondunun (FİF) ofisində  bir araya gətirilməsi belə, vəziyyəti ciddi anlamda dəyişmədi. Nəhayət, "Qaradağ Lökbatan"la matça çıxmaqdan imtina edən və 3 ay gecikən maaşları almağa nail olan məşqçi və futbolçu heyəti ötən ilin son matçına çıxaraq fasiləyə yollandılar.

"Şəki" bu günədək mövsümün qalan hissəsinin hazırlığına başlamayıb.

Nihat

Избранный
3
fanat.az

1Источники