RU

ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər - FOTO / VİDEO

Azərbaycanlı şagirdlər ABŞ-nin Florida ştatında, Mayami Universitetində keçirilən “Olympiad USA” beynəlxalq final mərhələsində ingilis dili fənni üzrə uğurla çıxış edərək ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Missiya.Az "Azərbaycan müəllimi"-nə istinadən xəbər verir ki, müxtəlif yaş kateqoriyalarını əhatə edən bu akademik yarışma şagirdlərin beynəlxalq təcrübə qazanması və akademik portfoliolarının genişləndirilməsi baxımından perspektivli platforma hesab olunur.

5–10 fevral tarixlərində keçirilən final mərhələsində iştirak edən milli komanda Bakı və regionlardan seçilmiş istedadlı şagirdlərdən formalaşdırılıb və səfər "Global Olympiad Center" tərəfindən təşkil olunub.

Fevralın 9-da keçirilən mükafatlandırma mərasimində medallar iştirakçılara NASA-nın keçmiş alimi və "OlympiadUSA"nin fəxri prezidenti Dr. Kumar Krishen tərəfindən təqdim edilib. Tədbir çərçivəsində şagirdlər üçün ABŞ-də ali təhsil imkanları, TOP-100 universitetlərə qəbul perspektivləri, akademik portfolionun gücləndirilməsi və beynəlxalq olimpiadaların bu prosesdə yaratdığı üstünlüklər barədə geniş məlumat və tövsiyələr də verilib.

Yarışmada Azərbaycan komandası yüksək nəticələr əldə edib. Öz kateqoriyaları üzrə dünya reytinqində birinci olaraq çempion titulunu qazanan Ayxan Hacılı, Selin Səlimova və Səid Şahbazov iPad A16 mükafatı ilə təltif olunublar.

Dünya reytinqində ikinci yerə Sara İdrisova, Leyli Məmmədova, Fəxrəddin Cəlilov və Aylin Əhmədli, TOP-3 nəticələrə isə Nazlı Həbibulla, Gülnaz Abdullazadə, Ayxan Musalı və Sona Cəfərli layiq görülüblər.

Gümüş medal qazanan şagirdlər: Toğrul Mirzəzadə, Banu Allahverdiyeva, Osman Əsədov, Mədinə Hüseynova, Zeyd Məmmədov, Hüseynağa Hüseynov, Şəms Heydərli, Vahid Ələkbərli, Zəhra Həsənli, Aysel Məmmədzadə, Nazim Bababaylı, Zəhra Qurbanlı və Lalə Abdullayeva.

Bürünc medal qazananlar isə Gülnaz Abdullazadə, Rizvan Həsənzadə, Fidan İbrahimzadə, Eliana Məryəm Qasımova, Aliyə Kərimli, Mikayıl Seyidov, Nəzrin Əhmədzadə və Ayxan Ağalı olub.

Final proqramı çərçivəsində iştirakçılar üçün Mayami Universitetində kampus turu, rəsmi açılış mərasimi, "Frost Science Museum" ziyarəti və hazırlıq sessiyaları təşkil olunub. Əsas imtahan mərhələsi şəhər turu və sosial proqramlarla müşayiət olunub, proqram fevralın 9-da beynəlxalq mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, “Olympiad USA” beynəlxalq akademik yarışma olmaqla yanaşı, şagirdlər arasında bilik mübadiləsini təşviq edən və onların gələcək akademik inkişafına töhfə verən beynəlxalq platforma kimi dəyərləndirilir. Azərbaycanlı məktəblilərin əldə etdiyi bu nəticələr ölkəmizin beynəlxalq akademik arenada artan uğurlarının növbəti göstəricisi hesab olunur.

 

 

View this post on Instagram

A post shared by Missiya Media Group (@missiyatv_official)

Избранный
21
missiya.az

1Источники