RU

"Turizm mədəni irsi tanıdır" - TURİZM EKSPERTİ

"Turizm və mədəniyyət bir çox ölkələrdə eyni qurum altında fəaliyyət göstərir və vahid təşkilat tərəfindən idarə olunur. Bunun əsas səbəbi bu iki sahənin bir-biri ilə sıx bağlı olmasıdır. Mədəniyyət milli mentaliteti, folkloru, incəsənəti, tarixi irsi, ifaçılığı və sənətkarlığı əhatə edən çoxşaxəli bir sahədir". Bunu SİA-ya açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, lakin bu dəyərlərin qorunması və yaşadılması üçün cəmiyyətin və dövlətin marağı mütləqdir: "Bu marağın formalaşması üçün mədəniyyət sahəsi müəyyən iqtisadi dəyər yaratmalıdır. İqtisadi dəyərin yaranması isə əsasən turizm vasitəsilə mümkündür. Turistlərin ölkəyə gəlməsi mədəniyyət obyektlərinə diqqəti artırır, həmin sahələrin inkişafına stimul verir və dövlət üçün gəlir mənbəyi yaradır. Eyni zamanda yerli əhali də bu sahəyə daha məsuliyyətlə yanaşmağa başlayır: tarixi abidələr qorunur, bərpa edilir, sənətkarlıq inkişaf etdirilir və mədəni irs gənc nəsillərə ötürülür.

Beləliklə, mədəniyyət və turizm bir-birini tamamlayan sahələrdir. Mədəni irsdən turizm vasitəsilə gəlir əldə edilir, bu gəlir isə yenidən mədəniyyətin qorunmasına və inkişafına yönəldilir. Azərbaycanda da uzun illər Mədəniyyət və Turizm Nazirliyi vahid qurum kimi fəaliyyət göstərib. Sonradan bu sahələr institusional olaraq ayrılıb, lakin buna baxmayaraq aralarında koordinasiya zərurəti hələ də qalmaqdadır. Çünki əgər mədəniyyət sahəsi bilməsə ki, turizm baxımından hansı abidələrə və məkanlara daha çox maraq var, həmin obyektlərin qorunması və bərpası prioritet kimi müəyyənləşdirilməz. Amma dəqiq məlumat olduqda, hansı mədəni irs nümunəsinə daha çox turist axını varsa, həmin obyektlər daha məqsədyönlü şəkildə qorunur, inkişaf etdirilir və beynəlxalq səviyyədə tanıdılır.

Ölkəyə gələn turistlər mədəni abidələrlə tanış olur, onları ziyarət edir, foto və video çəkir, müxtəlif dillərdə bələdçilərin izahlarını dinləyir və bu təəssüratları yaddaşında saxlayır. Nəticədə həmin turistlər öz ölkələrinə qayıdarkən Azərbaycan haqqında formalaşmış müsbət fikir aparır və bu təəssüratları dostları və tanışları ilə bölüşür, tövsiyələr verir. Bu isə ölkənin tarixi, mədəniyyəti, incəsənəti və milli dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edir.

Turizmin mədəniyyətə mənfi təsir göstərdiyini düşünmürəm. Əksinə, düzgün idarə edildiyi halda turizm mədəni irsin qorunmasına müsbət təsir göstərə bilər. Həm turistlər müşahidə etdikləri çatışmazlıqları bildirə bilərlər, həm də biz digər ölkələrin mədəni-turizm təcrübəsini öyrənərək həmin modelləri Azərbaycandakı abidələrə, qoruqlara və mədəniyyət ocaqlarına tətbiq edə bilərik.

Bu yanaşma ilə beynəlxalq standartlara uyğun xidmət göstərmək, mədəni irsi qorumaq və eyni zamanda turizm vasitəsilə iqtisadi fayda əldə etmək mümkündür. Buna görə də mədəniyyət və turizm sahələri ayrı-ayrı olsa belə, mütləq şəkildə koordinasiyalı, qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir".

Müəllif: Günel Fərzəliyeva
Избранный
12
1
sia.az

2Источники