Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə prosesində çıxış edərək barəsində çıxarılacaq hökmü və ölkədəki siyasi vəziyyəti tənqid atəşinə tutub.
KONKRET.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, sabotaj işi üzrə keçirilən məhkəmə iclasında emosional bəyanatla çıxış edib.
Bu barədə Gürcüstan mətbuatı, o cümlədən Georgia Online nəşri məlumat yayıb.
Saakaşvili bildirib ki, ona qarşı veriləcək əlavə cəza müddəti ümumilikdə 16 ilə çata bilər:
“Mən daha 3 il gözləyirəm, cəzam 16 il olacaq. Siz mənə əlavə cəza verirsiniz. Belə müddətə seriyalı qatilləri və pedofilləri məhkum edirlər. Mən bir daha uşaqlarımı görməməliyəm, bir daha təmiz havaya çıxmamalıyam”.
Sabiq prezident məhkəmə zalında toplaşan tərəfdarlarına və müxtəlif siyasi qüvvələrin nümayəndələrinə müraciət edərək birlik çağırışı edib. O qeyd edib ki, keçmiş hadisələrə fərqli yanaşmalar ola bilər, lakin ölkənin gələcəyi ilə bağlı ortaq mövqe vacibdir.
“Burada müxtəlif partiyaların nümayəndələri var. Keçmişi eyni cür qiymətləndirməyə bilərik, amma gələcəyin necə olmalı olduğu barədə razılaşmamaq mümkün deyil. Bu rejim bizim qorxumuzla qidalanır. Biz isə heç nədən qorxmamalı və heç nə ilə barışmamalıyıq”, – deyə Saakaşvili vurğulayıb.
O, ağır sağlamlıq vəziyyətində olduğu dövrləri də xatırladaraq, çətinliklərə baxmayaraq mübarizəni davam etdirməyin vacibliyini qeyd edib. Saakaşvili bütün siyasi qüvvələrlə dialoqa hazır olduqlarını bildirib və ölkənin gələcəyi naminə birliyin qaçılmaz olduğunu deyib.
Çıxışının sonunda o, məhkəmə prosesini “şou” adlandırıb və ironik qeydlər də səsləndirib. Buna baxmayaraq, əsas mesajının ölkənin azadlığı və birliyi ilə bağlı olduğunu vurğulayıb:
“Ölkə hər şeydən öndədir, şəxsi ambisiyalar sonra gəlir. Gürcüstan mütləq xilas olacaq. Nə qədər hündür divar çəksələr də, biz onu aşacağıq və azadlıq yoluna çıxacağıq”.
Mixeil Saakaşvili hazırda bir neçə cinayət işi üzrə ittiham olunur və uzun müddətdir həbsdədir. O və tərəfdarları ittihamları siyasi motivli hesab edirlər, Gürcüstan hakimiyyəti isə bununla razılaşmır. Məhkəmə prosesi davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az