ain.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 11 fevral, AZƏRTAC
Qazaxıstan mediası ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfərini geniş şəkildə işıqlandırır. Bu ölkənin mətbuatında dərc olunan materiallarda Azərbaycan-Amerika əməkdaşlığının inkişaf perspektivlərinə diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın “Inform.kz”, “Ulysmedia.kz”, “Inbusiness.kz” və “Qazaqstan.tv” media orqanları Bakıda aparılan danışıqlar və əldə edilən razılaşmalar barədə ətraflı məlumat verib.
Materiallarda diqqətə çatdırılır ki, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığında yeni bir fəsil açılır.
Həmçinin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Strateji Tərəfdaşlıq Xartiyasını imzaladıqları vurğulanır.
Qeyd olunur ki, Strateji Tərəfdaşlıq Xartiyasına TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) nəqliyyat dəhlizi, süni intellekt, rəqəmsal infrastruktur və təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələlər daxildir. Materiallarda, həmçinin Azərbaycanın ərazi sularının qorunması üçün qayıqların planlaşdırılan tədarükü ilə bağlı məlumatlara xüsusi diqqət yetirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.