Azərbaycanda qadın və qızların təhsil almasına mane olan ənənəvi stereotiplər çox cüzi hallarda mövcuddur. Daha çox sosial məhdudiyyətlər səbəbindən təhsildən yayınma halları müşahidə edilir. Təəssüf ki, son illərdə icbari təhsilin pozulması hallarına da rast gəlinir və valideynlər bunu əsasən sosial səbəblərlə izah edirlər. Bu isə gələcək üçün arzuolunan tendensiya deyil və ciddi diqqət tələb edir.
Bu sözləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər ictimai rəy sorğuları və tədqiqatlar göstərirsə ki, müəyyən bölgələrdə qızların təhsildən yayınma halları çoxdur, həmin yerlərdə səbəblər araşdırılmalı, daha sonra isə xüsusi sosial proqramlar hazırlanmalıdır:
"Azərbaycanda sırf qadınlara yönəlik ayrıca proqramlara kəskin ehtiyac olduğunu düşünmürəm. Çünki ali məktəblərdə, xüsusilə elm tutumlu sahələrdə qadınların sayı kişilərdən az deyil. Hətta bəzi hallarda gənc kişilərin təhsilə və elmə marağının azalması daha çox müzakirə olunur. Bununla belə, nəzərə almalıyıq ki, cəmiyyətin gələcəyi innovasiyaların tətbiqi, süni intellektin inkişafı, sənaye və intensiv kənd təsərrüfatının genişlənməsi ilə bağlıdır. İnsan inkişaf indeksinin yüksəlməsi isə bilikli valideyndən, savadlı anadan keçir. Bu baxımdan qadınların elm və təhsil sektorunda fəal və məhsuldar fəaliyyətinin təşviqi üçün müvafiq proqramların qəbul olunması Azərbaycan üçün yalnız faydalı ola bilər".