Sitat: "Mənim zamanımda gəlmədi, məndən sonra gəldisə, o zaman mənim günahım nədir? Elə mənim dövrümdə gələrdi. Mehdi Peyğəmbər olaraq qəbul edilmir. Mehdi gəlib nə edəcək? Özündən yeni kitabmı gətirəcək, yeni dünyamı yaradacaq? Kitabımız əlimizdədir və buna uyğun olaraq həyatımızı yaşasaq, inanın ki, dünyamızı cənnətə çevirə bilərik. Amma biz gözləntilərlə özümüzü daha da geriyə atırıq".
Elşad Miri əlavə edib ki, Quranda Mehdinin gəlişi və gözləntisi ilə bağlı konkret bir ayə və məqam yoxdur:
"Bu günə qədər Mehdi sağdırsa, hardasa gizlənibsə və gözləyirsə, niyə kitablar yazmır, hansısa məlumatları ötürmür? Yoxsa bəzilərinin iddia etdiyi kimi, İranın dini liderini onun nümayəndəsi kimi görürlər? Bu, siyasiləşmiş və dini don geyindirilmiş ideoloji amillərdir".
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, Mehdi inancı bütün səmavi dinlərdə fərqli qarşılanır:
"Hər kəs bir qurtarıcının gələcəyini gözləyir. Bizim də əqidəmizə görə, Mehdi (əleyhissalam) axırzamanda zühur edəcək. Fərqli baxışlara görə, Mehdi (əleyhissalam) ədalətin bərpası üçün Allah tərəfindən ortaya çıxarılacaq. Nəticə etibarilə Mehdi (əleyhissalam) və İsa Peyğəmbər yer üzündə ədalətin bərpası üçün mütləq gələcək. Zamanını isə təbii ki, Allah bilir.
Özünə və dəyərlərinə hörmət edən hər bir müsəlman gərək milli və mənəvi dəyərlərinə hörmətlə yanaşsın, dini dəyərlərini də başının üzərində tutmağı bacarsın. Dəyərsizlər isə ali dəyərləri aşağılayan və insanların heysiyyatı ilə oynayan insanlardır".