Kulis.az "Günün şeiri" layihəsindən Ələkbər Salahzadənin "Yağış lövhəsi" şeirini təqdim edir.
Buludlar qalanıb uzaqda çin-çin,
elə bil səmada yun əlçimlənib.
Bəlkə də bu yunu daramaq üçün
min qarı yığılıb, min əl çimlənib.
...Odlu bir qəzəblə parıldadı göy;
ögey bir ananın çöhrəsi kimi.
Hardansa yarıldı, guruldadı göy
yetmiş min nənənin cəhrəsi kimi.
Gəldi gümüş telli, ipək bir yağış;
sanki səmalarda ip əyirdilər.
...Yağışa alqış!
Köynəksiz qalmış
yamaclar yamyaşıl don geyirdilər.