RU

Milli kinomuz dirçəliş yollarında

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu yolun uğurla keçilməsində Azərbaycan Kinematoqrafçılar İttifaqının rolu danılmazdır

Uzun illərin durğunluğundan çıxmaq, dirçəliş dövrünün ənənələrini yaşatmaq və gələcəyə hesablanmış çağırışlara layiqincə cavab vermək Azərbaycan kino xadimlərinin başlıca vəzifələrindəndir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) son illər milli filmlərin təbliğatı, ölkədə və xaricdə kino festivallarının keçirilməsi, kino tənqidinin və kino nəşrlərinin inkişafı, gənc rejissor və ssenaristlərin hazırlığı və digər sahələrdə maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Bəri başdan deyək ki, İttifaq 2026-cı ildə də bu istiqamətdə fəaliyyətini genişləndirmək niyətindədir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti, professor Şəfiqə Məmmədova XQ-yə açıqlamasının bildirdi:

– Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs sahələrini əhatə edən vahid, sistemli və strateji planlaşdırma sənədi olan “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasının uğurla reallaşdırılmasında kino xadimlərinin də üzərinə böyük məsuliyyət düşür.

AKİ bu istiqamətdə fəaliyyətini daha da gücləndirməkdə və milli kinonun inkişafı naminə mühüm tədbirlər həyata keçirməkdə qərarlıdır. Strateji hədəflərimizdən biri budur ki, günün tələblərinə cavab verən filmlərin istehsalı artsın. Bununla yanaşı, tamaşaçıların çoxalmasına gətirib çıxaracaq. Kinoteatrların, kino zallarının artımı da mühüm şərtlərdəndir.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənətin inkişafına, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı ənənəsi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə güclü təkan verib. Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı icra olunub.

Azərbaycan filmlərinin xarici ölkələrdə tanıdılması AKİ-nin əsas prioritetlərindəndir. İttifaqın icraçı katibi, tanınmış rejissor, ssenarist, prodüser Əli İsa Cabbarov bununla bağlı mühüm işlərin görüldüyünü söylədi:

– Bu məqsədlə kinematoqrafçılar üçün pulsuz ingilis dili kursları açmışıq. Ermənistanda kinematoqrafçılar Avropa fondlarına üz tuturlar. Qarabağ haqqında yalan və hədyanları Fransa, Avropa strukturları ilə birgə çəkdikləri filmlərlə yayırlar. Biz də hesab edirik ki, birgə istehsalın olması, haqq işimizin tanıdılması üçün kinematoqrafçılarımızın ingiliscə bilməsi zəruridir. Sevindiricidir ki, açdığımız ingilis dili kurslarına axını güclüdür.

Əvvəlki nəslin davamçıları çox azdır. Buna görə də hər il ssenari müsabiqələri keçirir, pul mükafatları ayrırıq. “Arxa cəbhənin insanları” ssenari müsabiqəmiz uğurlu olub. AKİ ssenari tədrisi mövzusunda rus yazıçısı və dramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” kitabını Azərbaycan dilində yerli kinematoqrafçılara təqdim edib. Gənc ssenaristlərə və tələbələrə dəstək məqsədilə gələcəkdə də dərsliklərin çapı planlaşdırılır. AKİ-nin təşkil etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə maraq artmaqdadır.

Müasir dövrdə gənclərin və uşaqların çoxu əsasən türkcə və ingiliscə seriallara, animasiya filmlərinə maraq göstərirlər. Çünki yerli bədii və cizgi filmləri yox dərəcəsindədir. Bu müsabiqə də yeniyetmə və uşaqlara davranış nümunələri aşılayan filmlərin istehsalını zəruri edir. Müsabiqə çərçivəsində silsilə təlimlərin də nəticə verəcəyinə inanırıq.

AKİ-nin kino zalında keçirilən müxtəlif mövzulu tədbirlər böyük maraqla qarşılanır. Bu yaxınlarda AKİ-də İzzət Kino mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

Azərbaycanın ilk kinoaktrisası, “Sevil” filmində Sevil, “Almaz”da Almaz obrazlarının mahir ifaçısı kimi tanınan İzzət Orucovanın şərəfinə mükafat Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci dalğasına təltif kimi daxil edilib. AKİ-nin beynəlxalq əlaqələr və layihələr üzrə meneceri, kinorejissor Afaq Yusiflinin təsis etdiyi mükafatın ilk qaliblərini rejissor, AKİ-nin katibi Oleq Səfərəliyev, kinotənqidçi Sevda Sultanova, rejissor İlqar Nəcəf və rejissor-prodüser Türkan Hüseynovadan ibarət münsiflər heyəti müəyyən edib.

AKİ müxtəlif mövzularda təşkil etdiyi tədbirlərlə yanaşı, tanınmış və hazırda işləməyən kino xadimlərinin sosial problemlərinin həllində, onların zəruri ehtiyaclarının aradan qaldırılmasında da köməyini əsirgəmir. İl ərzində 20-dən artıq kino mütəxəssisinə 50 min manat məbləğində maddi yardım ayrılması buna sübutdur.

Müsahiblərimizin açıqlamalarına əlavə olaraq qeyd edək ki, ölkəmizin sosial-iqtisadi, mədəni, hərbi quruculuq, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı sahəsində uğurlarını kinolentə köçürmək, salnamələşdirmək üçün daha ciddi addımların atılması günün tələbidir. C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına yeni nəfəs verilməsi, özəl kinostudiyaların fəaliyyətinin daha da canlandırılması, dünya kinosuna inteqrasiyanın gücləndirilməsi, peşəkar kadr hazırlığına xüsusi diqqət verilməsi də AKİ-ni ciddi düşündürür. Bütün bunlar onu göstərir ki, Kinematoqrafçılar İttifaqı öz imkanları daxilində milli kinomuzun inkişafını davamlı olaraq dəstəkləyir.

Akif CABBARLI,Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
xalqqazeti.az

2Источники