Prokuror məhkəmədə Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.
Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.
İttihama görə, o, zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.
İttihamda qeyd olunub ki, A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb.
İttihamda vurğulanıb ki, A.Qasımlı gəlir aşağı düşdüyü üçün Q.Yusifovu günahlandırıb, ondan 45 min ABŞ dolları tələb edib, əks halda, onu, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib.
A.Qasımlı bu yolla zərərçəkmişdən 6 min 800 manat pul almaqda təqsirləndirilib.
İttihama münasibət bildirən A.Qasımlı özünü təqsirli bilməyib.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.