RU

Fermada çoban arvadı ilə birgə onlara yemək gətirən qonşusunu bıçaqladı - QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Həsənov və onun qeyri-rəsmi arvadı olan T.Rüstəmovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, T.Həsənov 2022-ci ilin aprel ayından etibarən faktiki olaraq ər-arvad münasibətində yaşadığı T.Rüstəmova ilə birlikdə əvvəlcə Ağstafa rayonunun Ceyrançöl ərazisində, sonrakı dövrdə isə Goranboy rayonunun Alpout kəndində “Kərpicli” adlanan ərazidə yerləşən fermalarda çoban kimi işləyib.


İş materiallarından məlum olub ki, T.Həsənov həmin fermaların işlərini idarə edən və tez-tez fermaya gəlib-gedən qonşuları zərərçəkmiş Zakir Bədəlovla (adı, soyadı şərtidir) T.Rüstəmovanın Ağstafa və Goranboy rayonları ərazisində yerləşən fermalarda intim münasibətdə olmasından şübhələnib. Bu məsələ ilə bağlı 2022-ci ildə aralarında baş vermiş söhbət zamanı T.Rüstəmova zərərçəkmiş şəxslə münasibətdə olduğunu etiraf edib və azyaşlı övladlarını götürərək birgə yaşadıqları ünvandan gedəcəyini bildirib. Ailəsinin dağılacağı və azyaşlı övladından məhrum olacağı düşüncəsi ilə hərəkət edən T.Həsənov baş verənlərdə günahkar bildiyi Zakirə xəsarət yetirməklə cəzalandırmaq niyyətinə düşüb.


Məlumata görə, 04 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Goranboy rayonu, Alpout kəndinin “Kərpicli” adlanan ərazisində yerləşən fermada onların yaşadıqları bir otaqlı tikilidə T.Həsənov, T.Rüstəmova, həmin fermada çoban işləyən H.H. (adı, soyadı şərtidir) və nahar yeməyi gətirmiş Zakir Bədəlov eyni masa arxasında əyləşərək yeməyə hazırlaşıb. Bu zaman T.Həsənov əvvəlcədən qisas almaq məqsədilə otaqdakı çarpayının üzərində döşəkçələrin arasında gizlətdiyi 2 mətbəx bıçağını götürüb. O, oturaq vəziyyətdə olan zərərçəkmiş şəxsin kürək nahiyəsinə qəfil bir dəfə bıçaq zərbəsi endirib. Bundan sonra azyaşlı övladının ağlaması səbəbindən T.Rüstəmova uşağı bayıra çıxarıb. Həmin vaxt T.Həsənov qapını arxadan bağlayaraq Zakirə yenidən xəsarət yetirməyə cəhd edib.


Zərərçəkmiş şəxs T.Həsənovun diqqətinin yayındığı andan istifadə edərək onun əlindəki bıçaqlardan birini alıb yerə atıb, digər bıçağı almağa və özünü müdafiə etməyə çalışıb. Müqavimətin artdığını görən T.Həsənovun qışqırıq səslərinə T.Rüstəmova içəridən bağlı qapını təpiklə vuraraq qırıb və otağa daxil olub.


Məhkəmə müəyyən edib ki, T.Rüstəmova da hadisəyə qoşularaq, Zakirin müqavimətini qırmaq məqsədilə əlindəki bıçaqla onun sol bazusunun yuxarı arxa-bayır 1/3 hissəsinə iki dəfə, sol saidinin aşağı arxa səthinə isə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib.

Zərbələrin təsirindən müqaviməti qırılan Zakir çarpayının üzərinə yıxıldıqdan sonra T.Həsənov və T.Rüstəmova birlikdə, əllərindəki kəsici-deşici alətlərlə zərərçəkmiş şəxsin döş qəfəsinin sol nahiyəsinə və bədənin digər hissələrinə çoxsaylı zərbələr endiriblər. Nəticədə Zakirə döş qəfəsinin sol yarısını dəlib keçən, sol tərəfli pnevmohemotoraksla nəticələnən, həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər, eləcə də sol bazunun aşağı arxa nahiyəsində və sağ əlin ovuc səthində yüngül bədən xəsarətləri yetirilib.


Beləliklə, məhkəmə nəticəyə gəlib ki, T.Həsənov və T.Rüstəmova bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurublar.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Həsənov 9 il, T.Rüstəmova isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb, məhkumların apellyasiya şikayətləri, habelə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.


Bundan sonra T.Rüstəmova kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ona daha yüngül cəza təyin olunmasını və ya Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 11 Fevral 2026, 08:40   
Избранный
59
pravda.az

1Источники