RU

Vensdən şok etiraf: Trampdan sonra türklərlə də, israillilərlə də real dostluğu olan yeganə lider İlham Əliyevdir – VİDEO

Vitse-prezident: “Biz bu gün buraya sadəcə təşəkkür üçün yox, münasibətlərdə köklü dönüş yaratmaq, köhnə səhifəni bağlayıb yeni mərhələ açmaq üçün gəlmişik”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşdən sonra verdiyi açıqlamalarla regional və qlobal siyasətdə ciddi rezonans doğuran mesajlar verib.

Musavat.com xəbər verir ki, Vens açıq şəkildə etiraf edib: ABŞ prezidenti Trampdan sonra dünyada həm türklərlə, həm də israillilərlə eyni vaxtda real, etibarlı və strateji münasibətlər qura bilən yeganə lider Prezident İlham Əliyevdir. ABŞ vitse-prezidentinin bu açıqlaması Cənubi Qafqazda formalaşan yeni güc balansının açıq etirafı kimi qiymətləndirilir.

Vens çıxışında bildirib ki, ABŞ–Azərbaycan tərəfdaşlığı illər boyu lazımi səviyyədə dəyərləndirilməyib, lakin bu münasibətlər Vaşinqton üçün kritik strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan qlobal terrorla mübarizədə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olub və bu fakt ABŞ cəmiyyətində yetərincə tanınmır.

ABŞ vitse-prezidenti xatırladıb ki, Azərbaycan Əfqanıstandan son çıxan ölkələrdən biri olub, ABŞ dəniz piyadaları ilə çiyin-çiyinə döyüşüb və dünyanın ən dözümlü, ən cəsur hərbi kontingentlərindən biri kimi reputasiya qazanıb.

“Biz bu gün buraya sadəcə təşəkkür üçün yox, münasibətlərdə köklü dönüş yaratmaq, köhnə səhifəni bağlayıb yeni mərhələ açmaq üçün gəlmişik”, – deyə Vens vurğulayıb.

Vens açıq şəkildə bəyan edib ki, Prezident Trampın administrasiyası dövründə Azərbaycanla münasibətlər daha da dərinləşəcək. ABŞ Azərbaycanın ərazi sularının mühafizəsi üçün yeni patrul katerləri göndərəcək, təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənəcək.

O, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Trampın beynəlxalq sülh və rifah marşrutu (TRIPP) layihəsini region üçün strateji dönüş nöqtəsi adlandırıb. Vensin sözlərinə görə, bu marşrut təkcə nəqliyyat deyil, iqtisadi inteqrasiya, kritik minerallar, təbii ehtiyatlar və regional rifah üçün açar mexanizmdir.

ABŞ vitse-prezidenti Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına xüsusi diqqət çəkərək bildirib ki, bu tarixi nəticə məhz Prezident İlham Əliyevin siyasi iradəsi və liderliyi sayəsində mümkün olub. O vurğulayıb ki, Ermənistanın baş naziri və ABŞ prezidenti ilə birlikdə İlham Əliyev regionda müharibəni dayandıran üç əsas fiqurdan biridir.

“Onlar müharibənin olduğu yerdə sülh, qarşıdurmanın hökm sürdüyü məkanda isə gələcək rifah yaratdılar. Bu, real liderliyin göstəricisidir”, – deyə Vens bildirib.

Çıxışının ən diqqətçəkən hissəsində isə ABŞ vitse-prezidenti Prezident İlham Əliyevin həm Türkiyə, həm də *İsrail*lə eyni vaxtda strateji etimad qura bilməsini unikal siyasi fenomen kimi təqdim edib. Onun sözlərinə görə, bu fakt İlham Əliyevin diplomatik çevikliyini, şəxsi xarizmasını və qlobal miqyasda qəbul edilən lider statusunu sübut edir. Sitat: “Prezident Trampdan sonra dünyada həm türklərlə, həm də israillilərlə eyni dərəcədə yaxşı münasibətləri olan yeganə lider Prezident Əliyevdir. Bu isə onun nə qədər çevik, ağıllı və cazibədar lider olduğunu göstərir”

“Bu, sadəcə diplomatiya deyil. Bu, real güc, real etimad və real liderlikdir”, – deyə Vens bildirib.

ABŞ vitse-prezidenti Azərbaycan xalqı ilə dostluğun davam etdirilməsinin Vaşinqton üçün şərəf məsələsi olduğunu qeyd edib və Bakıdan açıq şəkildə “yeni dövr başlayır” mesajı verib.

Избранный
36
editor.az

1Источники