RU

Putinin hərbi büdcəsi neft ixracını qorumaq üçün verilən dərin endirimlər səbəbindən tükənir

Hindistana tədarükün kəskin azalmasına baxmayaraq, xam neftin dəniz yolu ilə daşınması stabil qalır...

Müəllif: Culian Li — Bloombergin neft strategiyası üzrə eksperti
Bloomberg Agentliyi

Rusiyanın xam neftinin dəniz yolu ilə ixracı ölkənin əsas neft ticarəti üzərində artan təzyiqlərə baxmayaraq sabit səviyyədə qalır. Lakin bu tədarüklərin davam etməsinə imkan verən getdikcə daha dərin endirimlər Kremlin gəlirlərinə ciddi zərbə vurub.

Bloomberg-in topladığı gəmi izləmə məlumatlarına görə, fevralın 8-də başa çatan dörd həftə ərzində gündəlik orta ixrac həcmi 3,33 milyon barel təşkil edib. Bu göstərici fevralın 1-də bitən dövr üçün yenilənmiş rəqəmdən bir qədər yüksək olsa da, Milad bayramı ərəfəsində qeydə alınmış böhrandan əvvəlki pik səviyyədən təxminən 540 min barel/gün aşağıdır.

İxrac həcmlərinin stabil qalması Moskvanın neft gəlirlərinin kəskin azalmasının qarşısını ala bilməyib: yanvarda bu gəlirlər son beş ildən artıq müddətin minimumuna enib. Buna qlobal qiymətlərin zəifləməsi, Rusiya neftinə tətbiq olunan endirimlərin artması və rublun möhkəmlənməsi səbəb olub ki, bu da büdcəyə mənfi təsir göstərib. Yaxın Şərqdə gərginliyin artması fevralın ilk günlərində qiymətləri dəstəkləsə də, Rusiya neft axınları üzərində təzyiq güclənməkdə davam edir.

Hindistana tədarük pik səviyyələrlə müqayisədə iki dəfədən çox azalıb və hətta Yeni Dehli tam idxal qadağası tətbiq etməsə belə, daha da geriləyə bilər. İlin ilk altı həftəsində Hindistan limanlarına tədarük gündə orta hesabla təxminən 1 milyon barel təşkil edib, fevralın ilk tam həftəsində isə bu göstərici 900 min barel/günədək enib. Müqayisə üçün, 2023-cü ilin iyun–iyul aylarında bu rəqəm gündə 2 milyon bareldən çox idi.

Avropalı alıcıların 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tədarükdən imtina etməsindən sonra Hindistanın neft emalı zavodları rus ixracatçıları üçün xilasedici rol oynayıb. Lakin indi onlara təzyiq artır: Avropa İttifaqı Rusiya neftindən istehsal olunmuş neft məhsullarının idxalını qadağan edib, ABŞ prezidenti Donald Tramp isə ABŞ-yə ixraca əlavə 25 faizlik rüsum tətbiq edib.

Ötən həftə Tramp iki ölkə arasında ticarət sazişi çərçivəsində bu rüsumu ləğv edib və bildirib ki, “Hindistan Rusiya Federasiyasından neftin birbaşa və dolayı idxalını dayandırmağa öhdəlik götürüb”. Yanvarın onsuz da aşağı olan səviyyəsi ilə müqayisədə Cənubi Asiyaya Rusiya neft axını aprel ayına qədər iki dəfə azala bilər, lakin Yeni Dehlinin bu addımlara nə dərəcədə hazır olması təklif edilən endirimlərin həcmi ilə sınaqdan keçiriləcək.

Argus Medianın məlumatına görə, Urals markalı neft daşınma və digər xərclər nəzərə alınmaqla dünya etalonu olan Brent-dən barel üçün təxminən 15 dollar ucuz təklif olunur. İlin əvvəlində bu diskont təxminən 10 dollar idi.

Bu arada Urals nefti daşıyan tankerlərin getdikcə daha çoxu şərq istiqamətinə yönəlir. Rus nefti ilə yüklənmiş ondan çox gəmi Hindistanı ötərək Çinə doğru hərəkət edir ki, bu da yükün son təyinat nöqtəsinə daşınma məsafəsini faktiki olaraq ikiqat artırır.

Fevralın ilk səkkiz günündə Çinə tədarükün kəskin artması - gündə təxminən 2,2 milyon barel dənizdə olan Rusiya neftinin həcmini azaltmağa başlayıb. Avqustun sonundan yanvarın ortalarına qədər bu həcm təxminən 60 milyon barel artmışdı. Lakin son iki həftədə təxminən 9 milyon barel boşaldılıb və nəticədə Moskvanın tankerlərdə olan neft həcmi təxminən 132 milyon barelə enib.

Alıcı tapmaqda çətinliklər, ehtimal ki, Rusiyada neft hasilatına da təsir etməyə başlayıb. Yanvarda hasilat ardıcıl ikinci ay azalıb və OPEC və onun müttəfiqləri ilə razılaşma çərçivəsində ölkəyə icazə verilən səviyyədən təxminən 300 min barel/gün aşağı düşüb.

Xam neft tədarükləri

Fevralın 8-də başa çatan həftə ərzində 28 tanker 22,08 milyon barel Rusiya nefti yükləyib. Bu, əvvəlki həftə üçün yenilənmiş göstərici - 34 tankerə 25,1 milyon barel ilə müqayisədə azdır.

Gündəlik orta hesabla, fevralın 8-də bitən həftə üzrə tədarük həcmi 3,15 milyon barel/gün olub ki, bu da bir həftə əvvəllə müqayisədə təxminən 430 min barel/gün azdır.

Axınlar qeyri-sabit olaraq qalır və hava şəraiti, texniki xidmət, sanksiyalar və yükləmə qrafiklərindən asılıdır.

Həmin həftə ərzində Qazaxıstanın KEBCO markalı neftinin tədarükü qeydə alınmayıb.

Ötən həftə həcmlərin azalması Baltik və Qara dənizdən Urals ixracının ixtisarı, eləcə də Sakit okean istiqamətindən ESPO neftinin yüklənməsinin kəskin azalması ilə bağlı olub.

İxrac gəlirləri

Dörd həftəlik orta göstəriciyə görə, fevralın 8-də bitən 28 gün ərzində Moskvanın ixracının ümumi dəyəri həftəlik 1,04 milyard dollara yüksəlib. Orta qiymətin cüzi artımı Yaxın Şərqdə gərginliyin qalması ilə əlaqədar olub və bu, dünya bençmarkları ilə yanaşı Rusiya nefti üçün də minimum qiymət səviyyəsini müvəqqəti saxlayıb.

Bu hesablamalara əsasən, Baltikdən Urals ixracının qiyməti təxminən 1,50 dollar artaraq barel üçün 41,87 dollara, Qara dəniz marşrutu üzrə isə 1,60 dollar bahalaşaraq 39,40 dollara yüksəlib. Sakit okeanda ESPO neftinin qiyməti 1,90 dollar artaraq orta hesabla 50,54 dollar təşkil edib. Hindistana tədarükün qiyməti 1 dollar artaraq 58,61 dollara çatıb ki, bu da noyabrdan bəri ən yüksək səviyyədir. Bütün məlumatlar Argus Mediaya aiddir.

Fevralın 2-də bitən həftə üzrə ixracın dəyəri orta hesabla təxminən 1,02 milyard dollar olub ki, bu da əvvəlki həftənin yenilənmiş göstəricisindən 145 milyon dollar azdır. Həcm azalması Urals qiymətlərinin düşməsi ilə daha da güclənib.

İstiqamətlər üzrə tədarük

Fevralın 8-də bitən 28 gün ərzində, son təyinat nöqtəsi göstərilməyən yüklər də daxil olmaqla, Asiya alıcılarına Rusiya nefti tədarükü gündə 3,14 milyon barelədək artıb. Fevralın 1-də bitən dövrdə bu göstərici 3,04 milyon barel idi.

Çin və Hindistana yönələn həcmlər zahirən kəskin azalsa da, son təyinatı göstərilməyən tankerlərdəki neft həcmi xeyli artıb ki, bu da zamanla mənzərəni dəyişə bilər. Tankerlər getdikcə daha tez-tez Ərəb dənizini keçənədək Süveyş və ya Port-Sudan kimi aralıq təyinatlar göstərirlər. Bəzi gəmilər isə boşaltma üçün yanaşdıqdan sonra belə son limanı qeyd etmir.

Gəmilər dənizdə daha çox vaxt keçirir: bir neçə tanker Hindistanın qərb sahillərindəki və ya Türkiyədəki əvvəlcədən bəyan edilmiş limanlardan marşrutunu dəyişib. Onlar həmçinin Çin və Hindistan limanlarında boşaltma gözləyərkən gecikir.

Çin limanlarını göstərən gəmilər üzrə axın fevralın 8-də bitən dörd həftə ərzində gündə 1,15 milyon barel təşkil edib ki, bu da fevralın 1-də bitən dövr üçün yenilənmiş 1,17 milyon bareldən bir qədər azdır. Hindistana yönələn həcm isə əvvəlki 510 min bareldən 390 min barel/günədək enib. Bununla yanaşı, gündəlik 1,6 milyon barel ekvivalentində neft son təyinatı göstərilməyən tankerlərdədir.

Bu həcmin təxminən 1,33 milyon bareli Rusiyanın qərb limanlarından Port-Səid və ya Süveyş kanalına istiqamətlənən, eləcə də Sakit okean marşrutu üzrə son boşaltma nöqtəsi göstərilməyən gəmilərin payına düşür. Daha 270 min barel/gün isə ümumiyyətlə təyinat nöqtəsi qeyd olunmayan tankerlərdədir.

Fevralın 8-də bitən dörd həftə ərzində Türkiyəyə tədarük beş həftəlik minimuma, gündə təxminən 160 min barelə düşüb. Əvvəlki dövrdə bu rəqəm 220 min barel idi.

Suriyaya dörd həftəlik orta tədarük sıfıra enib. Şərqi Aralıq dənizi ölkəsinə Rusiya neftinin tanker daşımaları nadir hallarda təyinat göstərir və adətən Kritin cənubunda avtomatik izləmə sistemlərindən “itirlər”. Bu isə Banyas limanına çatana qədər həcmlərin qiymətləndirilməsini çətinləşdirir; sonradan peyk görüntüləri ilə qeydə alınır.

Qeydlər

Bütün göstəricilərə Qazaxıstanın KEBCO markalı neft yükləri daxil deyil. Bu tədarüklər KazTransoil JSC tərəfindən həyata keçirilir, Rusiya ərazisindən tranzitlə keçərək Novorossiysk və Ust-Luqa limanlarından ixrac olunur. Onlar Aİ sanksiyalarına və qiymət tavanına tabe deyil. Qazaxıstan nefti Rusiya nefti ilə qarışdırılaraq vahid ixrac axını formalaşdırır. Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Qazaxıstan yüklərini Rusiya şirkətlərinin tədarükündən fərqləndirmək üçün adını dəyişib.

Bloomberg “gəmidən-gəmiyə” əməliyyatları avtomatik mövqe siqnallarının söndürülməsi və ya təhrif edilməsi - “spufinq” kimi tanınan taktika yolu ilə yüklərin ötürülməsinin gizlədildiyi hallarda “gizli” kimi təsnif edir.

Gəmi izləmə məlumatları liman agentlərinin hesabatları, Kpler və Vortexa Ltd. daxil olmaqla digər provayderlərin axın və hərəkət məlumatları, həmçinin Rusiya limanlarının peyk görüntüləri ilə yoxlanılır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Избранный
38
poliqon.info

1Источники